Azərbaycan opera və teatr tarixində ilk qadın rolunun ifaçısı kimi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski)-nin adını yazırlar. Yazılanlara görə Əhməd bəy tanınmasın deyə, adını "Miri" yazdırır.Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski familiyasını götürür. Bəli, ilk opera səhnəsində qadın obrazını Əhməd bəy Ağdamski oynayıb. Amma Şərqdə ilk dəfə qadın obrazını səhnədə Şuşada MUXTAR BƏDƏLBƏYOV yaradıb.
Qeyd edim ki, Şərq ölkələri içərisində bir neçə ifaçının da iştirak etdiyi konsert proqramı məhz Azərbaycanda, onun gözəl guşəsi olan Şuşa şəhərində həyata keçirilib. 1896-ci ilin yayında Şuşada Əbdürrəhim bəy Haqverdiyev tərəfindən təşkil edilmiş konsert proqramında Əbdüllbaqi Zülalov, Keçəçi oglu Məhəmməd, Cabbar Qaryagdı oglu, Məşədi Dadaş, Zabul Qasim, tarzən Sadiqcan, Məşədi Zeynal və digləri iştirak etmişdirlər. Bu konsert proqramı zamanı Əbdürrəhim bəy Haqverdiyevin dahi Füzulinin “Leyli-Məcnun” poeması əsasında hazırladığı "Məcnun Leylinin məzarı üzərində" tamaşası da oynayılır..
Tamaşada Məcnun rolunu o zaman məşhur olan xanəndə Cabbar Qaryağdı oğlu canlandırır, Leyli obrazını isə MUXTAR BƏDƏLBƏYOV oynayır, gələcəkdə Leyli Məcnun operasını yazaraq dünyaya səs salacaq olan on üç yaşlı Üzeyir isə xanəndəni müşayət edən oğlanlar xorunda çıxış edir. Leyli rolunun ifaçısı Muxtar Bədəlbəyovun əyninə uzun bir ağ köynək geyindirib, səhnənin kənarında qoyulan daş üzərində mahnı ifa etməsi o dövrün sənədlərində əks edilib. Çox cəsarətli bir adam olan Muxtar Bədəlbəyovun yaratdığı Leyli obrazı və səsi Şuşalıları valeh edir. Hətta bir neçə dəfə Əbdürrəhim bəy Haqverdiyevdən xahiş edirlər ki, tamaşa yenidən səhnəyə qoyulsun ki, onlar Məcnunun və Leylinin səsini bir daha eşitsinlər.
Zaur Əliyev, dosent