Azərbaycan Mətbuat Şurasının sədri Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının Keniyada keçirilən toplantısında iştirak edir
Newscenter.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının Keniyanın paytaxtı Nayrobidə keçirilən növbəti illik toplantısında iştirak edir.
Toplantıya 25-ə yaxın ölkədən assosiasiyaya üzv təşkilatlar qatılıb. Tədbir qurumun ötən yığıncağından indiyədək, həmçinin Rusiya-Ukrayna müharibəsində həlak olmuş jurnalistlərin xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının prezidenti Şölə Aker toplantını açaraq hesabat dövründə təşkilatın gördüyü işlərdən danışıb.
Qurumun prezidentinin birinci müavini Ə.Amaşov çıxışında assosiasiyanın illik tədbirinin koronavirus pandemiyası başlayandan indiyədək ilk dəfə onlayn rejimdə deyil, açıq şəkildə təşkilinə diqqət çəkib. O, mövcud xüsusda əvvəlcə azərbaycanlı jurnalistlərin pandemiya reallıqlarını işıqlandırmalarından bəhs edib. Ə.Amaşov bildirib ki, qorxunc infeksiyanın vüsət aldığı ilk aylarda onunla bağlı proseslərin təqdimatı zamanı nəinki Azərbaycan jurnalistlərində,
eləcə də dünya media məkanında çaşqınlıq nəzərə çarpırdı. Çünki pandemiya tam yenilik idi, həyəcan, qorxu və təlaş şəraitində peşə standartlarını qorumaq çətinləşirdi. Azərbaycanda da eyni vəziyyət müşahidə olundu. “Amma qətiyyətlə vurğulamalıyam ki, jurnalistlərimiz sınaqdan üzüağ çıxdılar”, - deyən MŞ sədri çıxışında həmçinin rəhbərlik etdiyi qurumun pandemiya müddətində jurnalistlərin peşə fəaliyyətinə dair 5 tövsiyə mətni yaydığını, media təmsilçilərinin “COVID-19” infeksiyasına qarşı vaksinasiyasını təşkil etdiyini deyib.
Ə.Amaşovun çıxışının ikinci hissəsi hesabat müddətində Azərbaycan Mətbuat Şurasının gördüyü işlərlə bağlı olub. Şura sədri bildirib ki, 2021-ci ildə MŞ-yə kütləvi informasiya vasitələrinin fəaliyyətindən 109 şikayət daxil olub. Katiblik 109 şikayətlə əlaqədar araşdırma
aparıb. İlkin mərhələdə 45 məsələ həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 64 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, toplanmış materiallar
baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib. Şikayətlər üzrə Komissiyada 64 məsələyə baxılıb ki, bunlar da sonradan Şuranın İdarə Heyəti tərəfindən qərar kimi qəbul edilib.
MŞ sədri əlavə edib ki, şikayətlərin 73,5 faizini internet xəbər portallarndan, 21,2 faizini informasiya agentliklərindən, 4,3 faizini qəzetlərdən, yalnız 1 faizini isə jurnallardan narazılıqlar
təşkil edib. Şikayətçilərin 39,9 faizi KİV-lərin materialda qarşı tərəfin mövqeyini işıqlandırmamasından, 31,3 faizi işgüzar nüfuzlarının ləkələnməsindən, 19,3 faizi şərəf və ləyaqətlərinin təhqirindən narazılıqlarını bildiriblər. Narazılıqların 9,5 faizi isə digər məsələlərlə
əlaqədar olub. Həmçinin şikayətçilərin 23,4 faizi media orqanının yayımladığı materialı silməsini, 21,8 faizi üzr istəməsini, 19,1 faizi təkzib verməsini, 17,3 faizi qarşı tərəf kimi öz mövqelərinin işıqlandırmasını, 11,9 fazi digər qanuni ölçü tədbirinin görülməsini tələb ediblər. 6,6 faiz isə cavabdeh KİV-in fəaliyyətinin dayandırılmasını istəyib. Mətbuat Şurasının cavabdeh KİV-lərlə bağlı tədbirlərinə gəldikdə, Şura onların 39,9 faizinin təkzib verməli, 37,1 faizinin qarşı tərəfin mövqeyini işıqlandırmalı olduğuna, 9,6 faizinin şikayətə səbəb olmuş materialı silməsinə dair qərar çıxarıb. MŞ habelə məsələnin hüquqi müstəvidə araşdırılmasının zəruriliyi ilə bağlı şikayətçi tərəfi məlumatlandırıb ki, bunun da faiz nisbəti 13,4-dür.
Qeyd edək ki, Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının Keniyanın paytaxtı Nayrobidə təşkil olunan növbəti illik toplantı öz işinə mayın 3-də start verib. Tədbir bu gün də davam edəcək.
Mehman