Azərbaycan və Türkiyə təhsil işçilərinin iştirakı ilə "Heydər Əliyevin əqli mülkiyyət xəzinəsindən" mövzusunda "Dəyirmi masa" keçirilib.
Newscenter.az xəbər verir ki, paytaxtdakı 239 nömrəli tam orta məktəbdə keçirilən "Dəyirmi masa"da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Türkiyənin İzmit şəhərinin Anadolu liseyinin direktoru Mehmet Çelebi, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, şəhid ailələri, türkiyəli müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.
"Dəyirmi masa" Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəb direktoru Sədaqət Əzimova qonaqları salamlayaraq ulu öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib.
Tədbirdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva hər bir ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən başlıca amillərdən birinin təhsil olduğunu bildirib. İdarə müdiri məktəbliləri Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyev irsini daha dərindən öyrənməyə və ondan bəhrələnməyə çağırıb. Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sferasında da inkişaf prosesinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Azərbaycan və Türkiyə arasında tarixi köklərə və qardaşlığa söykənən əlaqələrin eyni zamanda təhsil sahəsində də uğurla davam etdirildiyini qeyd edən M.Vəliyeva ulu öndərin "Bir millət, iki dövlət" kəlamının bu gün də örnək olduğunu söyləyib.
BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən Anadolu liseyinin direktoru Mehmet Çelebi təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını, təcrübə mübadiləsinin vacib olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, şəhid anası Mehriban Əmrahova ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilər tərəfindən "Şuşa İli"nə həsr olunan səhnəcik maraqla qarşılanıb.
Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
R.Mehdiyeva