Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq, respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələrin icrası davam edir. Belə layihələrdən biri də Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır.
Newscenter.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən Beyləqan rayonu ərazisində 7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Torpaq yatağının eni 9, yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Sözügedən avtomobil yolu uzun müddət istismar nəticəsində deformasiyaya uğramışdır. Bu üzdən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
Yenidənqurma işləri hazırda uzunluğu 8 km olan Allahyarlı yolu istiqamətində aparılır. Görülən işlər çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb. Torpaq işləri aparılan hissələr profilə salınıb və kipləşdirilib.
Hal-hazırda suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni suötürücü boruların tikintisi aparılır. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra yeni yol əsasınin inşası, əsasın alt layının tikintisi, son mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək. Layihəyə uyğun olaraq yolboyu müvcud yarasız körpülərin yenilənməsi işləri də yerinə yetiriləcək.
“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri bitən kimi yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, km göstəriciləri quraşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri sözsüz ki, təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının inkişafına da şərait yaradacaq.
Sevinc