Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DANX: "Şəhid ailə üzvü adı ilə quruma hədə-qorxu edilir"

DANX: "Şəhid ailə üzvü adı ilə quruma hədə-qorxu edilir"


Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sosial mediada quruma qarşı böhtan xarakterli paylaşımlarla bağlı açıqlama yayıb. Newscenter.az quruma istinadən həmin açıqlamanı təqdim edir:

Dövlət Avtomobil Nəqliyyatı Xidməti bir neçə sosial media istifadəçisi tərəfindən quruma qarşı böhtan xarakterli paylaşımlara aydınlıq gətirib.
Belə ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əməkdaşları tərəfindən eyni şirkətə məxsus bir neçə avtonəqliyyat vasitəsinin qanunvericiliyə əsasən tələb olunan “Fərqlənmə nişanı” almadan yükdaşıma xidməti göstərdiyi aşkar edilib. Avtonəqliyyat vasitələrinin məxsus olduğu şirkətin nümayəndəsi daşıma fəaliyyətinə görə qanunvericiliklə nəzərdə tutulan “Fərqlənmə nişanı” olmadan xidmət göstərdiklərini təsdiqləyib.

Lakin daha sonra Mehman Məmmədov adlı kənar bir şəxs əməkdaşlara yaxınlaşıb. Telefonla video çəkiliş edərək iradlar bildirib və onların xidməti vəzifələrini yerinə yetirmələrinə mane olub. Əməkdaşlar Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edildiyini bildirdikdə o, tələsik ərazidən uzaqlaşıb. Hadisə ilə bağlı müvafiq akt tərtib edilib və araşdırma aparılır.

Bundan sonra Mehman Məmmədov sosial şəbəkələrdə Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-yə qarşı böhtan xarakterli paylaşımlar edir.

Daha bir analoji hadisə isə əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq alan “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin mütəxəssisi İsmayılov Azər Paşa oğlu tərəfindən təkrarlanıb. İsmayılov Azər Paşa oğlu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işgüzar nüfuzuna xələl gətirmək üçün məqsədyönlü şəkildə sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar paylaşır. Onun səsləndirdiyi əsassız ittihamlarla bağlı bildirmək istəyirik ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 2022-ci il fevralın 1-dən etibarən “Fərqlənmə nişanı”nın həm də onlayn qaydada verilməsi təmin edilib. Məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır.

Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 220-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyiciləridir. Bu vergi fərqlənmə nişanlarının vasitəsilə ödənilir. Dövlət büdcəsinə 2021-
ci il üzrə 2.899.776 manat, 2022-ci ilin 4 ayı ərzində isə 1.269.920 manat vəsait ödənilməsi təmin edilib.

“Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC tərəfindən isə 2020-ci ildə dövlət büdcəsinə 737.699 manat, 2021-ci ildə isə 2020-ci illə müqayisədə 739.428 manat daha çox yəni 1.404.723 manat ödənilib.

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcılar arasında “İcazə” blanklarının bölgüsü zamanı şəffaflığın təmin edilməsi üçün bölgü sistemi yenidən qurulub, neqativ halların qarşısı alınıb. “İcazə” blanklarının bölüşdürülməsi prosesində ictimai iştirakçılıq da təmin edilir. Daşıyıcılar özləri KİV-də çıxış edərək “İcazə” blanklarının bölgüsü prosesindən razılıqlarını ifadə ediblər. Bildiriblər ki, hər bir bölgünün nəticəsi ictimailəşdirilir. Onlardan dövlət rüsumundan başqa heç bir əlavə ödəniş tələb olunmur.

Azər İsmayılov əsassız ittihamlarla şantaj və hədə-qorxu yolu ilə işə bərpa olunmasını tələb edir. O, şəhid ailəsi üzvü olduğunu bildirib. Lakin araşdırmalar nəticəsində bunun yalan olduğu müəyyən edilib.

Qeyd edək ki, həm Azər İsmayılovun, həm də Mehman Məmmədovun bu hərəkətləri yalan, şər və böhtan xarakterli olmaqla qurumun işgüzar nüfuzuna və mənafeyinə xələl gətirir. Qanunamüvafiq tədbirlər görülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

NEWSCENTER.AZ
Xəbəri paylaş