Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belarusdan gətirilən toyuqlar əhalinin sağlamlığına sui-qəsddir

Belarusdan gətirilən toyuqlar əhalinin sağlamlığına sui-qəsddir


Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) olaraq ölkə vətəndaşlarını Belarusdan idxal olunan və ucuz qiymətə satılan quş ətinə dair məlumatlandıran açıqlama ilə çıxış etmişdik. Açıqlamada qeyd etmişdik ki, qida təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi hesab olunur. Kütləvi istehlak məhsullarının keyfiyyətinin yüksək standartlara cavab verməsi, vətəndaşlara təmiz və zərərsiz məhsulların təqdim olunması bütün ölkələrdə diqqət mərkəzindədir. Çünki zərərli, keyfiyyətsiz məhsullarla qidalanma əhalinin genofonduna, sağlamlığına böyük zərbə vurmaqla dövlətin əsaslarını sarsıdır.

Bu fikirlər Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı açıqlamada əksini tapıb. Açıqlamada daha sonra qeyd edilir:

Dünya təcrübəsi göstərir ki, qida təhlükəsizliyinə əməl olunmasına ən yaxşı nəzarəti vətəndaşlar özləri tətbiq edirlər. Onlar keyfiyyətinə əmin olmadıqları, mənşəyi bilinməyən məhsulları nəinki almırlar, hətta belə məhsulları satışda gördükdə müvafiq dövlət nəzarət orqanlarını məlumatlandırırlar. Bu baxımdan, ölkəmizdə də qida təhlükəsizliyi normalarına əməl olunmasına nəzarət etmək hər bir vətəndaşın borcudur.


Bəyan etmişdik ki, son həftələrdə Azərbaycana Belarusdan idxal olunaraq yerli məhsulun az qala yarı qiymətinə satılan toyuqların keyfiyyəti, qida dəyəri aşağıdır. Eyni zamanda ehtimalımızı bildirmişdik ki, bu toyuqlar yumurtadan kəsilmiş ana toyuqlar ola bilər. Vətəndaşlara müraciətimizdən sonra Belarusdan həmin əti idxal edən AFM MMC-nin nümayəndələri APEPEA-ya müraciət edərək, görüşüb məsələ ilə bağlı müzakirə aparmağı təklif etdilər. Bu gün AFM MMC-nin təmsilçisi olaraq Anar İsmayılov, həmçinin Əhməd Mirzəliyev adlı bir şəxs APEPEA rəhbərliyi ilə görüşüb. Görüş zamanı onlar etiraf ediblər ki, Belarusdan gətirdikləri toyuqlar həqiqətən yumurtadan kəsilən ana toyuqlardır. Bu səbəbdən də onları ucuz qiymət alıb, Azərbaycanda da ucuz qiymətə realizə edirlər.

APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli MMC təmsilçilərinə bildirib ki, əksər ölkələrdə yumurtadan kəsilən ana toyuqların kütləvi satışa çıxarılmasına icazə verilmir: “Belə toyuqların qida dəyəri çox aşağı olur. Adətən, ana toyuqlar 6 aylığından yumurtlamağa başlayır, bu, 10 ay davam edir. Yəni 10 aydan sonra onların yumurta vermək imkanı tükənir. Fasiləsiz yumurtladıqlarına görə əti az, sümüyu ağır olur. Əksər ölkələrdə belə toyuqları yalnız kolbasa-sosiska istehsalında istifadə edirlər. Siz bu toyuğu gətirib üzərinə “Kənd toyuğu” yazıb satmaqla istehlakçıların hüquqlarını pozursunuz, onları aldadırsınız. Bu, həm də qanun pozuntusudur. Eyni zamanda yerli quş əti istehsalçılarının mənafeyinə zərbə vurursunuz”.

Ə.Mirzəliyev isə cavabında idxal olunan toyuqların üzərinə istəsələr “Dana əti” də yaza biləcəklərini, bunun APEPEA-ya aidiyyətinin olmadığını bildirdi. O həmçinin Belarusdan gətirilən toyuqların Belarus Prezident Administrasiyasına tabe olan

müəssisədə yetişdirildiyini, buna görə Azərbaycanda ona heç kimin irad bildirməyə haqqının olmadığını iddia etdi. Daha da irəli gedən Ə.Mirzəliyev indiyədək işlədiyi ölkələrdə hətta nazirlərin belə ona söz deyə bilmədiyini, deyənləri “nakazat” etdiyini bildirməklə, faktiki olaraq, APEPEA rəhbərliyini təhdid etmiş oldu.

Hörmətli vətəndaşlar

Bir daha bəyan edirik ki, Belarusdan gətirilən və “Kənd toyuğu”, Halal toyuq adı altında sizə satılan toyuqlar qida dəyəri aşağı olan yumurtadan kəsilmiş ana toyuqlardır. Hazırda Azərbaycanda satılan həmin toyuqların istehsalçısı olan “Soliqorsk” Fabriki(https://molodeckie.by/index.php/ru/pages/prajs-list ), Minsk Birinci Toyuq Kombinatı, “Skildelskiy” broyler fabriklərinin (http://www.ghp.by/ru/production/ ) öz saytlarında qeyd olunur ki, yumurtadan kəsilmiş toyuqların ətinin saxlama müddəti maksimum 8 aydır. Azərbaycanda satılanların üzərində isə saxlama müddəti 12 ay göstərilib. Bu, əhalinin sağlamlığına sui-qəsddir. Digər tərəfdən, Minsk Birinci Toyuq Kombinatı sırf süfrə yumurtası istehsal edir, ətlik müəssisə deyil. Onların İnternet saytında təqdim etdikləri məhsulların siyahısına baxmaqla da bunu müəyyən etmək olur(http://1mpf.by/prodayom ). Bu kombinatın yumurtadan kəsilən toyuqlarını da gətirib Azərbaycanda satırlar.

Sizə təqdim etdiyimiz fotolara baxsanız, görərsiniz ki, onların bəzilərinin üzərində 2-ci növ olduqları yazılıb. Bir çox ölkələrdə, məsələn, qardaş Türkiyədə belə toyuqların kütləvi satışa çıxarılmasına icazə verilmir. Belarusdakı istehsalçı ona heç bir başqa ölkəyə - hətta ittifaq dövləti yaratdıqları Rusiyaya belə sata bilməz, çünki imkan verməzlər.


Bütün bunları nəzərə alaraq, bəzi işbazların qazanc əldə etmək naminə sizi aldatmasına imkan verməyin. Özünüzün və övladlarınızın sağlamlığı naminə aldığınız məhsula diqqətlə yanaşın.

Sizə də həm də yumurtadan kəsilən toyuqların Belarusdakı satış qiymətlərini əks etdirən fotoları təqdim edirik. Belə ətin sizin və övladlarınızın orqanizminə hansı fayda gətirəcəyini özünüz düşünün.
Xəbəri paylaş