“Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları (VCT) üçün kiçik qrant proqramlarına start verir.
Newscenter.az xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən həyata keçirilən bu layihə çərçivəsində VCT-lər üçün iki qrant proqramı elan edilir.
Birinci qrant proqramı VCT-lərin yerli inkişafda iştirakını dəstəkləmək məqsədi daşıyır. Bu Çağırışın ümumi məqsədi yerli inkişaf proseslərində bacarıqlı və nüfuzlu tərəflər kimi vətəndaş cəmiyyəti təşkilatlarının iştirakını artırmaq və onların dayanıqlı inkişafda inkişaf/transformasiya icraçıları kimi rolunu gücləndirməkdir.
Bu qrant proqramının ümumi məbləği 473,739 ABŞ dolları nəzərdə tutulur. Proqrama müraciətlərdən müvafiq büdcə ilə ən yaxşı təkliflər qiymətləndiriləcək və 22 -yə qədər təşkilat mükafatlandırılacaqdır. Sözügedən qrant proqramına müraciət üçün bütün layihələr inklüziv icma iştirakı komponentini özündə əks etdirməli və etibarlı sayılan icma qiymətləndirməsi və iştirak metodlarından isifadə etmiş olmalıdırlar.
İkinci qrant proqramı dəlilə əsaslanan siyasətin hazırlanmasında, siyasət dialoqunda və siyasət müzakirələrində vətəndaş cəmiyyəti təşkilatlarının iştirakını dəstəkləmək məqsədi daşıyır. Bu Çağırışın ümumi məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının siyasətlərin inkişafına təsirini artırmaq və vətəndaşların maraqlarını ifadə edə və müdafiə edə bilən inkişaf/transformasiya icraçıları kimi onların rolunu gücləndirməkdir.
Bu qrant proqramının ümumi məbləği isə 630,252 ABŞ dolları nəzərdə tutulur. Proqrama müraciətlərdən müvafiq büdcə ilə ən yaxşı təkliflər qiymətləndiriləcək və 15-ə qədər müxtəlif təşkilat mükafatlandırılacaqdır. Sözügedən qrant proqramına müraciət üçün bütün layihələr güclü şəkildə siyasətlərin təhlili komponentini özündə əks etdirməli və araşdırma, data toplanması və təhlili üzrə sınaqdan keçmiş metodlardan isifadə etmiş olmalıdırlar.
Layihələr Azərbaycanın regionlarda həyata keçirilməli və 6 ay – 10 ay müddəti ərzində icrası nəzərdə tutulmalıdır.
Təkliflər üçün çağırışlar aşağıdakı prioritet mövzular ətrafında layihə fəaliyyətlərini dəstəkləyəcək:
1) Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi
2) İqlim dəyişikliyi
3) COVID-19 pandemiyasına qarşı cavab tədbirləri
Müraciətlər panel komitəsi tərəfindən nəzərdən keçiriləcək və müvafiq olaraq ərizəçilərə məlumat veriləcəkdir. Əlavə məlumat tələb olunarsa, BMTİP VCT ilə əlaqə saxlaya bilər.
VCT-lər öz suallarını 17 iyun 2022-ci il saat 18:00-dan gec olmayaraq [email protected] ünvanına göndərə bilərlər. Suallara cavablar BMT-nin İnkişaf Proqramının Azərbaycan saytında yerləşdiriləcək.
Sözügedən qrant proqramlarına müraciət etmək üçün tələb olunan bütün sənədlər
24 iyun 2021-ci il, yerli vaxtla saat 18:00-dan gec olmayaraq [email protected] ünvanına göndərilməlidir. Ətraflı məlumat aşağıdakı keçidlərdən tanış ola bilərsiniz.
Sevinc