İlk addımlarını atan biznesləri dəstəkləmək üçün Mastercard tərəfindən Start Path proqramında iştirak edəcək səkkiz yeni startap seçilib. Proqram öz xidmətlərini sınaqdan keçirmək üçün inkişafın son mərhələsində olan startaplara öz müştəri bazasına çıxış imkanı verir.
Proqramda iştirak üçün seçilmiş startaplar bunlardır: Dodo, Flow Networks, Hi, KaiOS, Kani Payments, NowNow, Sharesies və SmilePay. Şirkətdən verilən məlumata görə, ABŞ, Böyük Britaniya, Sinqapur, Nigeriya, Azərbaycan, Avstraliya və Yeni Zelandiyadan olan şirkətlər borc pul, ödəniş məlumatlarının idarə edilməsi, investisiya və üz tanınması da daxil olmaqla, bir sıra xidmətlər təqdim edir.
Newscenter.az xəbər verir ki, Azərbaycandan olan SmilePay startapı qrupun uğurlu üzvlərindən birinə çevrilib. Tətbiq pərakəndə satış və e-ticarətdə istifadə üçün bütöv ödəniş prosesini cihazsız və nağdsız əməliyyatlara daşıyan üz tanıma texnologiyasına əsaslanan yeni nəsil ödəniş həlli təqdim edir.
“2014-cü ildə təsis edildiyi vaxtdan bəri Start Path proqramında 300-dən az startap iştirak edib. Biz Mastercard Start Path akselerator proqramına qoşulan ilk Azərbaycan startapı kimi pərakəndə satış və e-ticarət üçün üz tanıma vasitəsilə ödəniş həlli olan SmilePay-i təqdim etməkdən məmnunuq. Bundan sonra istehlakçılar 2500-dən çox mərkəzi (nodal) nöqtədən istifadə edərək üzlərini qeydiyyatdan keçirə, debet kartları, loyallıq kartlarını əlavə edə və təbəssümlərindən istifadə edərək 1000-dən çox məkanda və həmçinin onlayn qaydada ödəniş edə bilərlər,” deyə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə ölkə meneceri Avşar Gürdal bildirib. “SmilePay proqramı ilə siz indi kassada növbə gözləmədən asanlıqla ödəniş edə bilərsiniz. Biz bunu sizin üçün ən rahat, ən sürətli və təhlükəsiz ödəniş üsuluna çevirmək niyyətindəyik”.
Whelp, Inc. və SmilePay, LLC:Chatbots & Fintech-in baş icraçı direktoru Seymur Rəsulov, öz növbəsində qeyd edib ki, MasterCard Start Path proqramı Smilepay.az üçün xəyalların gerçəkləşdiyi məkanıdır.
“1500+ müraciət arasında biz bu 8 komandalıq qrupunun bir hissəsi olmaq şərəfinə layiq görüldük. Mastercard Start Path bizim üçün yeni qapılar açacaq, nou-hau (know-how) təqdim edəcək və biz regionda böyümə və genişlənmə üçün ömürlük tərəfdaş əldə edirik. SmilePay ən qabaqcıl üz tanıma texnologiyalarının birindən istifadə edir və yerli ən aşağı ödəniş haqqı ilə cihazsız, nağdsız həll yolu kimi yerli bazara daxil olur. MasterCard-ın dəstəyi və ölkənin ən böyük ərzaq mağazaları şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində SmilePay 5 may 2022-ci il tarixindən etibarən 500-dən çox terminalda keçərlidir”, - deyə Rəsulov bildirib.
Ehtiyacınız olan tək şey mobil tətbiqi yükləmək, üzünüzü tanıtmaq, kartınızı əlavə etmək və yeni nəsil ödənişlərdən zövq almaqdır. Dostlarınızı dəvət edib bonuslar da qazana bilərsiniz.
SmilePay haqqında geniş məlumat buradadır: https://smilepay.az/en
Aysu