Yay mövsümündə əhalinin içməli su təminatında dayanıqlığın təmin olunması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər həyata keçirilib. 2021-ci ilin payız aylarından başlayaraq sutəmizləyici qurğuların, magistral və paylayıcı kəmərlərin, anbarların və nasos stansiyalarının istismar vəziyyəti yoxlanılıb, hidrotexniki qurğularda təmir-bərpa işləri aparılıb.
Newscenter.az "Azərsu"-ya istinadən xəbər verir ki, Abşeron yarımadasının içməli su təchizatında xüsusi payı olan Ceyranbatan su anbarının ehtiyat həcmi 90 faiz təmin edilib. Bu mənbədən qidalanan Ceyranbatan klassik təmizləyici qurğuların 3-cü növbəsi yenidən işə salınaraq qurğuların emal gücü saniyədə 9 kubmetrə çatdırılıb. Yay mövsümündə xam suda üzvi maddələrin artması nəzərə alınaraq Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğuların qəbul xətləri, supaylayıcı kamerası, mexaniki süzgəc sexi və xam su anbarı yuyulub dezinfeksiya olunub, membran süzgəclərin 50 faizi yenilənib.
Ceyranbatan-Binəqədi, Ceyranbatan-Maştağa, Ceyranbatan-Zirə magistral kəmərlərin marşrutu boyu idarəetmə sistemlərinin istismar vəziyyəti yoxlanılıb, qəzalı hissələrdə əsaslı təmir-bərpa işləri aparılıb, yeni siyirtmələr quraşdırılıb.
Ötən müddətdə Şollar və İkinci Bakı su kəmərlərinin marşrutu boyu baxış quyularında təmir-bərpa işləri aparılıb. Oğuz-Qəbələ-Bakı su mənbəyində 20 subartezian quyusunun nasosları yenilənib.
Abşeron yarımadası ilə yanaşı, Aran bölgəsinin içməli su təchizatını həyata keçirən Kür sutəmizləyici qurğularına suyun verilməsi üçün üzən nasos stansiyasında, radial və üfüqi durulducularda, süzgəc sexində cari təmir işləri həyata keçirilib. Eyni zamanda, Kür-Bakı, Sabirabad-Saatlı, Şirvan-Muğan qrup su kəmərlərinin istismar vəziyyəti yoxlanılıb.
Yay mövsümünə hazırlıq işləri çərçivəsində Bakı şəhərində ümumi həcmi 882 min kubmetr olan 24 mərkəzi su anbarı yuyulub dezinfeksiya olunub, nasos stansiyalarında cari və əsaslı təmir işləri görülüb. Şəhər ərazisində 900 km magistral supaylayıcı xətlər təftiş edilib, istismar müddətini başa vurmuş və riskləri böyük olan su xətlərində təmir işləri aparılıb. Regionlarda 8 sutəmizləyici qurğunun, 28 drenaj tipli suqəbuledicinin, subartezian quyuların yay mövsümünə hazırlığı üçün nəzərdə tutulmuş tədbirlər başa çatdırılıb.
Yay mövsümündə su təchizatı sistemlərində baş verən qəzaların operativ aradan qaldırılması üçün xüsusi texnikanın, həmçinin mal-material ehtiyatlarının tədarükü ilə bağlı lazımi işlər görülür. Eyni zamanda, yeni sudaşıyan maşınlar və təmir avadanlıqları alınıb.
Sevinc