Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı günü” keçirilib

Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı günü” keçirilib


İyunun 1-də Fövqəladə Hallar Nazirliyi tərəfindən FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə Nazirliyin Aran Regional Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı günü” keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Nazirliyin Aran Regional Mərkəzinin rəisi polkovnik Elxan Vəliyev, Yevlax Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək, balacaları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib.

Ulu öndər Heydər Əliyevin uşaqlara olan sonsuz sevgisindən, onlara qayğı və diqqətlə yanaşmasından söz açan M.İsmayılov bildirib ki, bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa edib. Ərazi bütövlüyümüzün təmin olunmasında neçə-neçə qəhrəmanımız şəhidlik zirvəsinə yüksəlib. Bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.

M.İsmayılov 44 günlük Vətən müharibəsində canlarını Vətən uğrunda fəda vermiş şəhidlərin analarının adına həyata keçirilən ağacəkmə aksiyasından, həmçinin FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən Füzuli rayonunda şəhid övladlarının himayəyə götürülməsindən də danışıb.

Qeyd olunub ki, FHN Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bir sıra silsilə tədbirlər keçirir. “Açıq qapı günü” də onlardan biridir. Tədbirin məqsədi odur ki, balacalar fövqəladə hallar zamanı davranış və təhlükəsizlik qaydalarına yiyələnsinlər.

Balacalara FHN-in Akademiyası barədə məlumat verilib.

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Aran Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.

Tədbir asfalt üzərində rəsm yarışı ilə davam etdirilib.

Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.

Sevinc
Xəbəri paylaş