Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin mərhum baş redaktoru, Gürcustanın Əməkdar jurnalisti İslam Əliyevin 75 illik doğum günündə Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev və Səfirlik əməkdaşları ictimai xadimin Marneulinin Ambarovka kənd qəbirstanlığındakı məzarını ziyarət ediblər.
Newscenter.az Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, ziyarətdə Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, Gürcüstanda fəaliyyət göstərən Azərbaycanın aparıcı dövlət və özəl kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.
İslam Əliyevin xatirəsi ehtiramla yad edilmiş, məzarı önünə gül dəstələri qoyulmuş və dualar oxunub.
Səfir Faiq Quliyev İslam Əliyevlə bağlı xatirələrini bölüşərək, mərhumun azərbaycançılıq naminə gördüyü işlərdən danışmış, belə nümunəvi şəxsiyyətdən gənclərimizin örnək götürməli olduğunu qeyd edib.
Səfir görkəmli ictimai xadimin əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını vurğulayıb.
Mərhumun yaxınları və KİV təmsilçiləri İslam Əliyevin xatirəsinə göstərilən ehtirama görə Səfirliyə minnətdarlıqlarını bildiriblər.
Mehman