Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfir Faiq Quliyev azyaşlı soydaşlarımızla görüş keçirib

Səfir Faiq Quliyev azyaşlı soydaşlarımızla görüş keçirib


1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin birgə təşkilatçılığı və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə Rustavi şəhərində tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev azyaşlı soydaşlarımızı bayram münasibətilə təbrik etmişdir.

Newscenter.az xəbər verir ki, səfir Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən, Azərbaycanda və Gürcüstanda uşaqlara göstərilən diqqət və qayğıdan danışmışdır.

Səfir Faiq Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, təkcə ölkəmizdə deyil, Gürcüstanda da yaşayan soydaşlarımızın balalarının diqqətdə saxlanıldığını vurğulamışdır.

Səfir F.Quliyev qeyd etmişdir ki, SOCAR şirkətinin maliyyə yardımı ilə hər il 1500-dən çox soydaşımız Gürcüstanın ali təhsil müəssisələrində oxuyur.

Səfir Azərbaycan və Gürcüstan dövlətlərinin birgə səyi və dəstəyi ilə soydaşlarımız üçün yeni məktəb, idman kompleksləri və digər sosial obyektlərin tikildiyini, bəzilərinin əsaslı təmir olunduğunu vurğulamışdır.

Sonra AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin Kvemo Kartli regionu üzrə Abay Paşayev, “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova çıxış etmiş, balaca fidanları bayram münasibətilə təbrik etmiş, xoş arzularını çatdırmışlar.

Daha sonra Rustavi şəhərində yerləşən 18 saylı orta məktəbin azərbaycandilli bölməsinin şagirdləri Azərbaycan və gürcü xalq mahnı və rəqslərini ifa etmiş, şeirlər söyləmiş və tamaşa göstərmişlər.

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara əlil arabaları, azyaşlı soydaşlarımıza bayram sovqatı təqdim olunmuşdur.

Bayram tədbirində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın yaxınları, Səfirliyinin əməkdaşları, AZEBİ-nin üzvləri, valideynlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mehman
Xəbəri paylaş