Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq pulu verilsinmi?

Uşaq pulu verilsinmi?


Heç belə sual mövcud olmalımı normal, özünü tanıyan dövlətdə? Heç gör, bunun müzakirəsini də apararlarmı, yaraşarmı bu? Bu axı, dövlətin mövcudluğu və ayaqda olmasının göstəricisidi. Dövlət bu pulu ən çətin, imkansız dövrdə belə, çıxarıb böyük qürurla verməlidir öz uşaqlarına.

Niyə?

Dövlət valideyinə şərikdir hər uşağa sahiblikdə. Uşaq öz valideyni üçün övlad yetişirsə, dövlət üçün vətəndaş yetişir. Valideyin üçün gələcək kömək və yaşlı vaxtı dəstək ümid yeri yetişirsə, dövlət üçün əsgər, əhali artımı, mütəxəssis, işći qüvvə, vergi ödəyicisi yetişir. Nəhayət, Dövləti yaradan, onun mənbəyi Xalqın da üzvü yetişir.

Görürsüzmü, uşağın dövlətə vaciblik, xeyri heç də valideyninkindən az deyil, vətən övladı kimi. Bəs onda uşağa yemək, geyinmək, oxumaqda, inkişafda kömək etməyən dövlət, hansı haqqla böyüyəndə ondan vətəndaş kimi öhdəlik, həm məsuliyyət tələb edə bilər? Uşaq soruşmazmı, dövlətindən ki mənə bu öhdəliyi yaradan hansı borcumdur? Anam bu ölkədə doğub məni ona görə, vəssalam? Valideyn maaşı, uşağa yox, öz zəhmətinə görə alır. Hansı işçiyə uşaqlı olmaq və yaxud, uşaq sayına görə artıq maaş verilir?

Müzakirə və arqumentləri uzatmaq olar. Ancaq dövlətimiz gərək ki, uşaq məsələsində xüsusilə həssas olsun. Çünki ortada çox mühüm hüquq və mənəvi tərəfli dəyərlər var! Dövlət, hökumət çətinə yetsə, qoy, valideynin maaşını 50 manat artırmasın, kəssin amma, o 50 manatı öz əli ilə hər ay uşaq pulu kimi uşağa çatdırsın. Və uşaq qoy gözünü açandan kiçik yaşından dövlətinin ona pul göndərdiyini gözü ilə görüb də o pulla yemək yeyib, paltar, kitab və s. alındığını bilsin.

Qoy uşaqlar özünü tək valideynin yox, həm də dövlətinin övladı hiss etsin. Vətən, dövlət hissi nədən yaranır bəs uşaqda, insanda? Havadan? Dövlətin õz uşaqlarına birbaşa ünvanlı yardımı, bu yardımın təyinatlı (məhz həmin uşaq üçün!) istifadəsinə nəzarət, uşağı valideyinin, hamının gözündə sahibli, arxalı edərdi mənəvi-psixoloji.

Dövlətimiz, hökumətimiz söhbətsiz, uşaq pulu, yəni ki, "uşaqlara borcun" məsələsini həll etsin. Xahiş edərdik ki dövlət rəhbərliyi diqqətə alsın, resurs imkan cəlb edilsin bu mühüm problemə. Düzdür, bu qərar xeyli vəsait tələb edir, amma, vacibdir. Uşaq hər dövlətin önəmli atributudur. Çünki xalqın gələcəyi, dövlətin ümid dayağıdır!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş