Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsi şəhidi Elsevər Əhədzadənin doğum günündə xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Elsevər Əhədzadənin doğum günündə xatirəsi anılıb


Nizami rayonunda Vətən müharibəsi şəhidi Əhədzadə Elsevər Ağacan oğlunun doğum günündə əziz xatirəsi yad olunub. Newscenter.az xəbər verir ki, bununla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, rayonun güc strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, önünə əklil qoyub, ruhuna dualar oxuyublar.

Sonra şəhidin məzunu olduğu 62 saylı məktəb-liseydə anım tədbiri keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhid Elsevər Əhədzadənin xatirəsinə həsr edilmiş video-çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rüstəm Babayev, 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarova, şəhidin müəllimləri, döyüş yoldaşları, tələbə dostları və başqaları şəhidlərin, qazilərin, müharibə iştirakçılarının şücaətindən, döyüş yolundan, eləcə də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar.

Bildiriblər ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edildiyi, onların əziz xatirələrinin daim uca tutulduğu diqqətə çatdırılıb.

Şəhidin anası Dilbər Əhədova da çıxış edərək övladı ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Həmçinin şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Çıxışlardan sonra məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik şeirləri səsləndirilib.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Elsevər Əhədzadə Cəbrayıl-Füzuli istiqamətində aparılan əməliyyatlarında iştirak edib, 2020-ci ilin oktyabr ayının 21-də qəhrəmancasına şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Onu da əlavə edək ki, şəhid Elsevər Əhədzadənin qardaşı Fərid Əhədzadə Vətən müharibəsinin qazisidir.

Ruhiyyə
Xəbəri paylaş