Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi elan edir.
Fonddan Newscenter.az-a bildirilib ki, müsabiqəyə vətənpərvərliyin media vasitəsilə təbliği, Vətən sevgisinin yeniyetmə və gənclərə aşılanması, azərbaycançılıq, qürur yerimiz olan şəhidlər, Qarabağ Zəfəri və digər mövzularda məqalələr göndərilə bilər.
Kriteriyalar:
- Məqalə innovativ və əhatəli olmalıdır;
- Müsabiqə elan olunduqdan sonra qəzet və ya elektron internet portallarında dərc edilməlidir;
- Məqalənin həcmi 8000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxminən 2-3 A4 formatlı vərəq həcmində);
- Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır;
- Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək Fonda təqdim edilməlidir.
QEYD: Müsabiqəyə təqdim edilmək üçün hazırlanan materiallar kağız və ya elektron daşıyıcıda birbaşa Fonda, yaxud elektron poçt vasitəsilə [email protected] adresinə göndərilə bilər.
Birinci yerin sahibinə 1000, ikinci yerin sahibinə 800, üçüncü yerin sahibinə 600, həvəsləndirici mükafatlara layiq görülən 4 nəfərə isə 400 manat məbləğində mükafat veriləcək.
Məqalələr 2022-ci il iyunun 1-dən iyulun 15-dək qəbul olunur.