Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Mərkəzi Asiyada cəlbedici tərəfdaşa çevrilib

Azərbaycan Mərkəzi Asiyada cəlbedici tərəfdaşa çevrilib


“Prezident İlham Əliyevin Türkmənistanda keçirilən Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirakı Bakı ilə sözügedən region arasında əməkdaşlıqda yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə edilə bilər. Daha dəqiq desək bu mərhələ region ölkələri ilə Azərbaycan arasında əlaqələrin müsbət dinamikası ilə seçilir. Əslində ölkəmizin qeyd edilən platforma çərçivəsində üzv ölkələrlə əməkdaşlığı 2023-cü ilə təsadüf edir. Hələ 2023-cü ildə Azərbaycan Prezidenti Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə fəxri qonaq kimi dəvət edilmişdi. Eyni dəvət 2024-cü ildə də təkrarlandı və 2025-ci ildə Daşkənd görüşü zamanı Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvünə çevrildi. Beləliklə, 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi C5 formatının Azərbaycanla birlikdə C6 formatına genişlənməsi baxımından mühüm institusional dəyişiklik oldu”.

Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qeyd edilən platforma çərçivəsində Türkmənistanda keçirilən görüşləri, eləcə də zirvə görüşündə çıxışı həm Bakı ilə Mərkəzi Asiya regionu arasında əlaqələrin inkişafı, həm də birgə əməkdaşlıq imkanları baxımından əhəmiyyətli oldu:

“Zirvə görüşündə çıxışı zamanı qarşılıqlı faydalı əməkdaşlıq prizmasından bir sıra vacib məqamlara toxundu. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycanın region üçün cəlbedici tərəfdaş olmasının mühüm səbəblərindən biri onun coğrafi mövqeyidir. Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxışında Xəzər dənizi və Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutları xüsusi əhəmiyyət daşıyır.

Bildiyiniz kimi, müasir dövrdə nəqliyyat dəhlizlərinin səmərəliliyi yalnız yolların və limanların vəziyyətindən asılı deyil. Rəqəmsal bağlantılar da regional inteqrasiyanın mühüm hissəsidir. Prezident İlham Əliyev çıxışında “Rəqəmsal İpək Yolu” layihəsini və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində görülən işləri xüsusi qeyd edib.

Bu istiqamət Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığını yeni texnoloji mərhələyə çıxara bilər. Belə ki, fiziki yükdaşımalarla yanaşı, məlumatların sürətli və təhlükəsiz ötürülməsi, rəqəmsal iqtisadiyyat, elektron ticarət və informasiya-kommunikasiya texnologiyaları üzrə əməkdaşlıq üçün də yeni imkanlar yaranır. Başqa sözlə, XXI əsrin İpək Yolu artıq yalnız karvanların və yüklərin hərəkət etdiyi yol deyil; burada enerji, logistika, informasiya və rəqəmsal xidmətlər də mühüm rol oynayır”.

İlham Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanın Mərkəzi Asiyada cəlbedici tərəfdaşa çevrilməsinin digər mühüm istiqaməti enerji sektorudur:

“Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi ilə nəqli həyata keçirilir və bu daşımaların həcmi artır. Eyni zamanda bərpaolunan enerji sahəsində də əməkdaşlıq genişlənir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində iş aparılır. Bu, əməkdaşlığın ənənəvi neft-qaz münasibətlərindən daha geniş çərçivəyə keçdiyini göstərir.

Əgər əvvəlki mərhələdə əsas diqqət enerji resurslarının ixracına yönəlirdisə, indi gündəmdə yaşıl enerji, elektrik enerjisinin ötürülməsi və regional enerji sistemlərinin inteqrasiyası da dayanır. Bu isə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında uzunmüddətli strateji əməkdaşlığın yeni istiqamətlərindən birini formalaşdırır”.

Süleyman
Xəbəri paylaş