Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Mərkəzi Asiya: qardaşlıq, strateji tərəfdaşlıq və ortaq inkişaf hədəfləri

Azərbaycan və Mərkəzi Asiya: qardaşlıq, strateji tərəfdaşlıq və ortaq inkişaf hədəfləri


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı və çıxışı ölkəmizin regional əməkdaşlıq siyasətinin mühüm istiqamətlərini bir daha gündəmə gətirdi. Görüş Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun, iqtisadi-ticari əlaqələrin, nəqliyyat-logistika imkanlarının, energetika əməkdaşlığının və humanitar münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyət daşıyırdı. Azərbaycanın ötən ilin noyabrında Məşvərət formatının tamhüquqlu iştirakçısına çevrilməsi ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyev çıxışında bu qərara görə tərəfdaş dövlətlərin rəhbərlərinə təşəkkürünü bildirdi və Azərbaycanın format çərçivəsində fəal əməkdaşlığa verdiyi önəmi vurğuladı. Türkmənistanın bu prosesdəki təşəbbüskarlığı da xüsusi qeyd edildi. Görüşün əsas məzmununu qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi potensialın birgə reallaşdırılması və regionun beynəlxalq nəqliyyat, enerji və ticarət əlaqələrində rolunun artırılması təşkil edirdi.

Bu baxımdan Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasətində milli maraqlara, suverenliyə hörmətə, qarşılıqlı faydalı əməkdaşlığa və uzunmüddətli tərəfdaşlığa əsaslanan yanaşmanın əhəmiyyətini önə çıxardı.Prezident İlham Əliyevin çıxışında Azərbaycanla Türkmənistan arasında son illərdə intensivləşən siyasi dialoqa xüsusi diqqət yetirildi. Dövlət başçısı ən yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin münasibətlərin inkişafına verdiyi töhfəni vurğuladı. Bu səfərlər siyasi əlaqələrin möhkəmlənməsi ilə yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə də şərait yaradır.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfələr idi. Dövlət başçısı Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etdiyini xüsusi vurğuladı. Bu layihələr Azərbaycanın Böyük Qayıdış strategiyası çərçivəsində həyata keçirilən bərpa və quruculuq işlərinin humanitar tərəfini əks etdirir. Azad edilmiş ərazilərdə məktəblərin və mədəniyyət mərkəzlərinin yaradılması yalnız fiziki infrastrukturun qurulması demək deyil. Bu, eyni zamanda, gələcək nəsillərin təhsilinə, mədəni inkişafına və sosial rifahına yönəlmiş uzunmüddətli sərmayədir.

Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi Azərbaycan-Özbəkistan münasibətlərində təhsilin və ortaq tarixi-mədəni irsin rolunu göstərir. Orta əsrlərin görkəmli astronomu və alimi Mirzə Uluqbəyin adını daşıyan təhsil müəssisəsi elmin, maarifçiliyin və xalqlar arasında mədəni yaxınlığın rəmzi kimi əhəmiyyət daşıyır.
Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi layihəsi uşaqların yaradıcılıq potensialının inkişafı üçün imkanların genişləndirilməsinə xidmət edir. Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi isə qardaş xalqların mədəni irsinin Azərbaycanın yenidən qurulan şəhərlərində yaşadılmasının nümunəsidir. Bu təşəbbüslərin hər biri Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla münasibətlərinin yalnız siyasi və iqtisadi maraqlara söykənmədiyini, həmçinin humanitar həmrəyliyi ehtiva etdiyini göstərir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə göstərilən bu dəstək xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir.

Prezident İlham Əliyevin çıxışında Türkmənistanın Füzuli şəhərində məscid tikintisinə dəstəyinin qeyd olunması da xüsusi məna daşıyır. Bu təşəbbüs dini-mənəvi dəyərlərin qorunması, şəhərin ictimai həyatının canlandırılması və Azərbaycan-Türkmənistan münasibətlərində qardaşlıq bağlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev çıxışında dəniz limanlarının, aeroportların, dəmir yollarının və avtomobil yollarının inkişafına yatırılan sərmayələrin əhəmiyyətini vurğuladı. Bu infrastrukturun genişləndirilməsi Mərkəzi Asiya ölkələrini Azərbaycan vasitəsilə Qafqaz, Türkiyə və Avropa istiqamətləri ilə daha sıx əlaqələndirmək baxımından mühüm rol oynayır.

Orta Dəhliz bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. Dövlət başçısının təqdim etdiyi məlumata görə, 2025-ci ildə bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.
Prezident İlham Əliyev çıxışının sonunda əməkdaşlığın geosiyasi əhəmiyyətinin yalnız energetika və nəqliyyat layihələri ilə məhdudlaşmadığını vurğuladı. Dövlət başçısının fikrincə, sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik region ölkələrinin gələcək inkişafının əsas şərtlərindəndir.

Türkmənbaşı görüşünün diqqətəlayiq nəticələrindən biri Azərbaycanın 2027-ci ildə Məşvərət görüşləri formatına ilk dəfə sədrlik etməsi ilə bağlı idi. Görüşdə iştirak edən dövlət başçıları Azərbaycanın sədrliyini təbrik etdilər və bu mərhələdə əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduqlarını bildirdilər.

Sədrlik Azərbaycana regional əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsində, tərəfdaş dövlətlər arasında dialoqun davam etdirilməsində və birgə layihələrin təşviqində əlavə imkanlar yarada bilər. Bu imkanlardan səmərəli istifadə etmək üçün iqtisadi, nəqliyyat, energetika, rəqəmsallaşma və humanitar sahələrdə konkret təşəbbüslərin hazırlanması əhəmiyyətli olacaq.


Bayram Xudayarov
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.

Newscenter.az üçün
Xəbəri paylaş