Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir

MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir


MDB dövlət başçılarının Türkmənistanda keçirilən sammiti regional və beynəlxalq təhlükəsizlik böhranlarının dərinləşdiyi bir dövrə təsadüf edir. Lakin proseslərə nəzər saldıqda görürük ki, Müstəqil Dövlətlər Birliyi artıq müasir dövrün gözləntilərinə və yeni geosiyasi reallıqlara cavab vermir.
Rusiya MDB üzvü olan dövlətlərə münasibətdə bəzən təzyiq siyasəti həyata keçirir. Bu, xüsusilə iqtisadi münasibətlərdə, miqrasiya məsələlərində və digər sahələrdə özünü göstərir. Halbuki bu gün Rusiyanın əmək bazarında MDB ölkələrindən gələn miqrantların mühüm rolu var. Buna baxmayaraq, həmin miqrantlara qarşı müxtəlif məhdudiyyətlərin tətbiqi Moskvanın birlik daxilindəki əməkdaşlıq prinsipləri ilə bağlı suallar yaradır.
Hazırda MDB-nin institusional və siyasi baxımdan zəiflədiyini müşahidə edirik. Gürcüstan, Ukrayna və Moldova ilə bağlı proseslər də birliyin əhatə dairəsinin və siyasi təsir imkanlarının məhdudlaşdığını göstərir. MDB getdikcə daha çox formal məsləhətləşmə platforması təsiri bağışlayır.
Türkmənistanda keçirilən sammitin, eləcə də dekabr ayında Sankt-Peterburqda nəzərdə tutulan qeyri-rəsmi görüşün MDB daxilində real inteqrasiyanı gücləndirməyəcək. Bu görüşlər, əsasən, dövlət başçılarının fikir mübadiləsi aparması və mövcud əlaqələri qoruması baxımından əhəmiyyət daşıyır. Rusiya isə bu platformadan istifadə edərək beynəlxalq ictimaiyyətə regionda hələ də tərəfdaşlarının olduğunu və regional proseslərdə fəal iştirak etdiyini nümayiş etdirməyə çalışır.
Bununla yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri öz müstəqil siyasi-strateji xətlərini formalaşdırmağa çalışırlar. Ermənistanın da xarici siyasətində şaxələndirmə istiqamətində addımlar atması və Rusiyadan asılılığını azaltmağa çalışması bu prosesin tərkib hissəsidir. Belə bir şəraitdə MDB-ni daha çox dövlət başçılarının məsləhətləşmə və dialoq platforması kimi xarakterizə etmək mümkündür.
Azərbaycan üçün əsas məsələ Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dərinləşdirmək, C6 formatında regional əlaqələri gücləndirmək və Orta Dəhlizin inkişafını sürətləndirməkdir. Cənubi Qafqazda həyata keçirilən siyasi-iqtisadi transformasiyanın Mərkəzi Asiya ilə uzlaşdırılması, yeni nəqliyyat marşrutlarının yaradılması və təchizat zəncirlərinin inkişaf etdirilməsi Azərbaycanın strateji hədəfidir.
Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı da Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi yalnız iqtisadi dividendlər gətirmir, həm də regional qarşılıqlı asılılığı artıraraq təhlükəsizliyin möhkəmlənməsinə töhfə verə bilər.
Ümumilikdə, Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün MDB ilə müqayisədə daha perspektivli əməkdaşlıq platformasıdır. Çünki bu təşkilat çərçivəsində ortaq maraqlar əsasında siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da genişləndirmək imkanları mövcuddur.
Əslində, MDB ötən əsrin 90-cı illərində üzv dövlətlər arasında qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilsəydi, bu gün daha güclü beynəlxalq regional təşkilata çevrilə bilərdi. Lakin Rusiyanın qonşu dövlətlərlə münasibətlərində bəzən öz geosiyasi ambisiyalarını ön plana çıxarması birliyin inkişafına ciddi maneələr yaradıb. Moskva MDB-ni bu ambisiyaların təsiri altına salmaqla, istər bilərəkdən, istərsə də bilməyərəkdən, onun potensialının zəifləməsinə şərait yaradıb.
Bu səbəbdən MDB hazırda əvvəlki dövrlərdə gözlənilən güclü inteqrasiya platforması deyil. Azərbaycan isə öz milli maraqlarından çıxış edərək bu birlikdə iştirakını davam etdirir və mövcud formatdan siyasi-iqtisadi maraqları çərçivəsində istifadə edir. Bununla yanaşı, ölkəmizin əsas strateji prioriteti regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının artırılması və müstəqil xarici siyasət kursunun möhkəmləndirilməsidir.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
Xəbəri paylaş