
"Prezident İlham Əliyevin Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı ölkəmizin regionla münasibətlərinin strateji əhəmiyyətini, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətlərini və Azərbaycanın artan geosiyasi rolunu nümayiş etdirir. Çıxışın əsas məqamı Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının artıq ənənəvi ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq daha geniş regional inteqrasiya modelinə çevrilməsidir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu.” Bu qərar Azərbaycanın regionun siyasi və iqtisadi proseslərində iştirakının institusional baxımdan güclənməsi deməkdir. Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələri birləşdirən Azərbaycan Mərkəzi Asiya dövlətlərinin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsində, nəqliyyat marşrutlarının şaxələndirilməsində və regional iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm tərəfdaş mövqeyinə malikdir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır:
"Ötən ildən başlayaraq ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini göstərir. Türkmənistanın Füzuli şəhərində məscid tikintisinə dəstək verməsi, Özbəkistanın Füzulidə məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi yalnız humanitar təşəbbüslər deyil. Bu layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına qardaş ölkələrin verdiyi töhfəni, xalqlar arasında mənəvi yaxınlığı və uzunmüddətli tərəfdaşlığın ictimai əsaslarını möhkəmləndirir".
Yusif Bağırzadə qeyd edib ki, iqtisadi əməkdaşlığın daha yüksək mərhələyə qaldırılması ilə bağlı Prezidentin səsləndirdiyi fikirlər də xüsusi diqqət çəkir:
"Prerzident xüsusi olaraq vurğuladı ki, biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq. Bu yanaşma əməkdaşlığın mahiyyətində mühüm dəyişiklik nəzərdə tutur. Söhbət yalnız əmtəə mübadiləsindən deyil, ortaq istehsal zəncirlərinin yaradılmasından, investisiya imkanlarının birləşdirilməsindən və regional məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasından gedir.
Bu strategiyanın mühüm istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir və marşrut üzrə yükdaşımaların həcmi 2025-ci ildə 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb. Bu göstəricilər Azərbaycanın Şərq-Qərb nəqliyyat əlaqələrindəki mövqeyinin möhkəmləndiyini göstərir. Bununla belə, marşrutun uzunmüddətli rəqabət qabiliyyəti üçün limanların ötürücülük imkanlarının artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və daşımaların rəqəmsallaşdırılması vacibdir".
Yusif Bağırzadə hesab edir ki, energetika sahəsində Mərkəzi Asiya neftinin Azərbaycan üzərindən dünya bazarlarına nəqli və Qazaxıstan, Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsləri əməkdaşlığa yeni məzmun verir:
"Bu, ənənəvi enerji tranziti ilə yanaşı, gələcəkdə bərpaolunan enerji və rəqəmsal infrastruktur sahələrində də regional qarşılıqlı asılılığın güclənməsi üçün zəmin yaradır.
Prezidentin çıxışında sülh, təhlükəsizlik və sabitliyin xüsusi vurğulanması isə bütün bu təşəbbüslərin siyasi əsasını müəyyənləşdirir. Ümumiyyətlə isə Türkmənbaşı görüşü Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Əsas hədəf siyasi yaxınlığı konkret iqtisadi nəticələrə çevirmək, Xəzər regionunu vahid nəqliyyat və enerji məkanına daha sıx inteqrasiya etməkdir".
Süleyman










































