
Azərbaycan-Türkiyə münasibətlərində heç bir qatqısı olmayanlar, bir daşı daş üstünə qoymayanlar indi bu qalanın sütunlarına külüng vurmağa çalışırlar. Atalar yaxşı deyib: “Köç geri dönəndə axsaqlar önə düşər”.
Bəziləri 1937-ci ilin ab-havasını xatırladan bir tərzdə türkçüləri, turançıları hədəfə alırlar. İrəli sürdükləri ittiham isə budur ki, niyə Türkiyənin üzərinə getmirsiniz?
Hətta az qala Azərbaycan-Türkiyə münasibətlərinin özünün yanlış təməl üzərində qurulduğunu iddia edənlər də var. Tarixi araşdırdıqca görürsən ki, bizi bir-birimizə düşmən etmək istəyənlər heç də az deyilmiş...
Mən ilk dəfə Türkiyəyə gedəndə viza almaq məcburiyyətində qalmışdım. Sahil bağı ətrafında yerləşən Türkiyə səfirliyinin önündə səhər tezdən uzun növbəyə durub viza alırdıq. Növbəm çatanda məni bir əməkdaş qəbul edib səfərimin məqsədilə maraqlandı. İlk sualı belə oldu:
- Türkiyədə kimin var?
Qeyri-ixtiyari olaraq cavab verdim:
- Türkiyədə 80 milyonum var!
Bu cavaba hər ikimiz gülümsədik. Bundan sonra mənə əlavə sual da verilmədi. Amma hər bir türkün həm də Ana Vətəni saydığı Türkiyəmizə viza alaraq getmək bir türk millətçisi kimi mənə çox ağır gəldi.
Uzun müddət qardaş Türkiyəyə viza alaraq getmək zorunda qalmışdıq.
Bir dəfə Tiflisdən İstanbula avtobusla getməli oldum. Yol uzandıqca yanımda oturan, əvvəllər məmur olmuş, indi isə iş adamı olan Türkiyə vətəndaşı ilə söhbət etməli olduq. Adam israrla bildirirdi ki, sovetlər dönəmində sizi dinsiz ediblər, ilk növbədə bu dəyərlər sizə qaytarılmalıdır ki, inkişafınız olsun. Adam Türkiyənin ən vacib rolunu bunda görürdü. Təbii ki, bu, onun subyektiv fikri idi.
Bir qədər getmişdik ki, sürücü sərnişinlərin başı qarışsın deyə avtobusda Kamal Sunalın filmlərindən birini göstərdi. Beş dəqiqə keçməmiş avtobusda gedən və böyük əksəriyyəti erməni olan Gürcüstan vətəndaşları etiraz etdilər və filmin yayımını dayandırdılar. Türk musiqiləri əvəzinə özləri kaset verib erməni mahnılarını dinlətdilər.
Gürcüstan-Türkiyə sərhədinə çatanda hər kəs pasportunu sərhəd-buraxılış məntəqəsində göstərib keçdi. Tək Azərbaycan vətəndaşı olduğum üçün mən başqa bir qapıda dayanıb viza almaq üçün növbə tutdum. Avtobusa ən gec mən gəldim, çünki həmin avtobusdakı sərnişinlərdən yalnız mənim viza almağım gərəkirdi. Bu hal, əlbəttə, məni çox üzmüşdü.
Avtobusa oturanda yanımda oturan türk qardaşıma bildirdim ki, Türkiyədən biz dini dəyərləri deyil, qardaş kimi qardaş dəyəri gözləyirik. Mən bir türk olaraq Türkiyəyə viza aldığım halda, türk düşmənləri bu ölkəyə əlini-qolunu sallaya-sallaya girirlər. Şükürlər olsun ki, bu məsələ həll olundu.
Yol yoldaşım olan bu türk vətəndaşı öz aləmində özünü daha üstün bilirdi bəlkə də... Hətta ola bilsin ki, bir az yuxarıdan da baxırdı. Bu adama görə içimdə Türkiyəyə zərrə qədər kinim də olmazdı.
İndiki gənclər bəlkə də xatırlamaz. 90-cı illərin sonlarında bizə qarşı İranın və Rusiyanın təhdidləri bitmirdi. Xəzərdə gəmilərimiz, quruda isə özümüz təhdid altında idik. Belə bir zamanda Türk Şahinləri F-16-lar Bakı səmasında peyda oldu, bir saatlıq nümayişlə Azərbaycan xalqını salamladı və səssizcə geri döndü. Hər kəs bu nümayişdən öz payını aldı. Amma Türkiyə dövləti bu davranışı ilə heç vaxt bizə yuxarıdan aşağı baxmadı. Biz Türkiyənin timsalında kim olmağından, nə olmağından asılı olmayaraq, yanımızda hər zaman bir abimizin olduğunu hiss etdik.
Abi sadəcə böyük qardaş demək deyil, həm də çox əziz olan, çox dəyər verdiyin, sayğı göstərdiyin bir şəxsdir. Mənim “abi” deyib sayğı göstərdiyim dostlarımın övladları indi mənə “abi” deyirlər.
Bu mənada Türkiyənin Azərbaycanın abisi olmasında bir qəbahət ola bilməz. Bu sayğının, dəyərin qarşılığını biz hər zaman Türkiyədən görmüşük. Azərbaycan deyəndə Türkiyənin “Can Azərbaycan” deməsi bizim üçün sadəcə xoş söz deyil. Bu, ortaq tariximizin, yaddaşımızın və qardaşlıq duyğumuzun ifadəsidir.
Qardaşlıq isə yalnız yaxınlıq deyil, həm də bir-birinə hörmət etmək, bir-birini anlamaq və çətin gündə yanında olmaqdır. Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın çətin günündə sormadan, soruşmadan yanında olub, hər zaman da olacaq.
Bu gün yuxarıdakı sualı yenidən mənə versələr və soruşsalar ki, Türkiyədə kimin var, belə cavab verərdim:
-Türkiyədə 90 milyonum var!
İlqar İlkin










































