Azərbaycan Respublikasının Prezidenti, doğma Partiyamızın Sədri cənab İlham Əliyevin elan etdiyi Böyük Qayıdış Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki Zəfərdən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafında yeni nəqliyyat - logistika qovşaqlarının formalaşdırılmasına və iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan hərəkat səviyyəsində mövcud olan dövlət əhəmiyyətli proqramdır.
Qarabağa yenidən və əbədi dönüşlə üzvi surətdə əlaqədar olan və eyni zamanda üç dövlətin: Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Sazişin mühüm müddəalarından biri olaraq, Zəngəzur dəhlizinin açılması və regionda bütün kommunikasiyaların bərpa edilməsi kimi aktual məsələni də nəzərə alsaq, Böyük Qayıdışın dövlətlərarası münasibətlərlə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir hərəkat olduğunu təsəvvür edə bilərik. Buna görə də Böyük Qayıdış öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional, həm də beynəlxalq hadisədir.
Sözün əsl mənasında: Böyük Qayıdış - ilk növbədə Qarabağın işğaldan azad edilməsinin və Qarabağa yenidən dönüşün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Proqramıdır.Böyük Qayıdış - Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin strategiyası və taktikasıdır, 30 il işğal altında qalmış və Ermənistan tərəfindən vəhşicəsinə dağıdılaraq xarabalıqlara çevrilmiş ərazilərin yenidən qurulması və həmin xarabalıqların üzərində yeni həyatın bərqərar edilməsi deməkdir. Böyük Qayıdış - ölkəmizin coğrafi xəritəsində yenidən salınmış, adları özünə qaytarılmış çoxsaylı kəndlər və şəhərlər, yollar, körpülər, müasir tikililər deməkdir, 30 il işğal altında qalmış qədim Azərbaycan torpaqlarının istifadəyə verilməsi, əkilib-biçilməsidir.
Böyük Qayıdış - Azərbaycan Respublikasının hərbi cəhətdən müdafiə olunmasında və iqtisadi-mədəni baxımından inkişaf etdirilməsində böyük addımlardır.Məlumdur ki, artıq Azərbaycan Respublikasında Böyük Qayıdış hərəkatının icrasına başlanmışdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin axır çərşənbə günü Şuşada - Cıdır düzündə alovlandırdığı Novruz tonqalı Qarabağa milli-mənəvi dəyərlərinin Əbədi Qayıdışının rəmzidir.Müzəffər Prezidentimizin dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasına işğaldan azad edildikdən sonra etdiyi ilk səfər tarixi keçmişimizə, soykökümüzə Qayıdışın əməli ifadəsidir.Şuşa şəhərindəki Gövhər ağa məscidində və Ağdam şəhər məscidində uzun illərdən sonra ucalan ilk azan səsləri əxlaqi-dini dəyərlərimizə Qayıdışın əks-sədasıdır.
Prezident İlham Əliyevin Qarabağ ərazisindəki süni şəkildə erməniləşdirilmiş coğrafi adların - toponimlərin əsl azərbaycanlı adlarının bərpa edilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər, atdığı düşünülmüş addımlar tarixi ərazilərimizin xalqımıza mənsub olmasının özünütəsdiqidir. Qarabağda real Qayıdış istiqamətində addımlar atılmaqdadır.Prezident İlham Əliyev artıq Şuşa və Ağdam şəhərlərində çoxmərtəbəli yaşayış binalarının, Zəngilan rayonunda “ağıllı” kəndin təməllərini atmış, Cəbrayıl şəhərinin bərpa edilməsinin, Hadrutda məscidin təməl daşını qoymuşdur. Rəsmi açıqlamalara görə, 2022-ci ilin əvvəllərindən etibarən Qarabağ ərazilərinə Böyük Qayıdışa başlanılacaq, regionun daimi sakinlərinin özlərinin ata-baba torpaqlarına dönüşünə start veriləcəkdir. Bu, müasir Azərbaycan tarixinin ən mühüm tarixi hadisəsidir. Bununla Azərbaycanda otuz il müddətində davam etmiş məşəqqətli qaçqınlıq həyatına, nəhayət ki, son qoyulması prosesi başa çatacaqdır.Füzuli rayonu ərazisindən Şuşa şəhərinə çəkilmiş Zəfər Yolu Böyük Qayıdışın arteriyasıdır. Aran zonasından Şuşa şəhərinə qədər uzanan 90 kilometrlik Zəfər Yolu ətraf rayonların və Şuşa şəhərinin yenidən qurulmasına şərait yaradır, regiona yeni həyatın gətirilməsinə uğurla xidmət edir.
Partiyamızın Sədri cənab Prezidentin yaxın günlərdə Zəngilana olan səfəri və oradakı çıxışı zamanı bir daha tarixi həqiqətləri qeyd etməsi artıq Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinin əyani sübutdan-Vətə müharibəsindən sonrakı dövrdə növbəti rəsmi sübutudur. Ona görə ki, Zəngilanda aparılan bərpa-quruculuq işləri, həyata keçirilən uğurlu infrastruktur layihələr, Zəngəzur dəhlizinin açılması prosesinə start verilməsi artıq Qarabağın Azərbaycan olmasının rəsmi sübutdur!
Zəfər yolu - Böyük Qayıdışın Əməl yolu, İnkişaf yoludur!
Zülfiyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı