Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər bir məmur qazilərə dövlət başçımızın yanaşdığı kimi səmimi yanaşmalıdır

Hər bir məmur qazilərə dövlət başçımızın yanaşdığı kimi səmimi yanaşmalıdır


Qazilərə diqqət və qayğı həmişə ən yüksək səviyyədə olmalıdır. Çünki onlar əziz şəhidlərimizlə birlikdə 44 günlük Vətən Müharibəsində tarixi zəfərə imza atıb, ərazi bütövlüyümüzü təmin ediblər.

Vətənin bütövlüyü müqəddəs məsələdir. Qazilərimiz də bütövlüyümüzün rəmzinə çevriliblər. Təsadüfi deyil ki, Prezident və Ali Baş Komandan İlham Əliyev qaziləri özünün qardaşları adlandırır. Bu qazilərə münasibətin, sayğının ən yüksək təzahür formasıdır.

Sevindirici haldır ki, dövlət başçımız qazilərimizə bu qədər yüksək dəyər verir. Məmurlar da dövlət baçımızdan nümunə götürməlidirlər. Hər bir məmur qazilərə dövlət başçımızın yanaşdığı kimi səmimi yanaşmalı, onların qayğısına qalmalıdır.

Əlaqədar dövlət qurumlarında çalışan heç bir məmur qazilərin müraciətinə laqeyd yanaşmamalı, qazilərlə bağlı ədalətsiz qərarlar qəbul etməməlidir.

Məmurlar empatiya nümayiş etdirməli, özlərini qazilərin yerinə qoymalı, onların sağlamlıqlarına zərər vuran və psixoloji durumlarını daha da gərgin hala gətirən təhrikçi və kobud davranışlardan çəkinməlidirlər.

Məmur biganəliyinin və ya hissiyatsızlığının nəticəsində qazilər nazirliyin qapısını sındırmaq həddinə çatdırılmamalıdırlar. Onların hər bir problemi yerində, operativ və qüsursuz həll olunmalıdır.

Mən də qaziyəm, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam, döyüşlərdə yaralanmışam. Ona görə də, qazilərimizin bəzilərinin postmüharibə dönəmində necə həssas olduqlarını, diqqət və qayğıya ehtiyac duyduqlarını çox yaxşı bilirəm.

Dövlət başçımız və sıravi vətəndaşlarımız bizə ərazi bütövlüyümüzü bəxş edən oğullarımızla qürur duyur. Məmurlar da Vətənimizin igid müdafiəçilərinə qarşı eyni münasibəti göstərməli və qazilərin qayğısına qalmağı özlərinin həm vəzifə, həm də insanlıq borcu hesab etməlidirlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş