Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BŞTİ rəhbərliyi monitorinq prosesini izləyib

BŞTİ rəhbərliyi monitorinq prosesini izləyib


Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dövlət ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq keçirilib. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.

Newscenter.az xəbər verir ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.

Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edir.

Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün 120 dəqiqə vaxt verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və müvafiq struktur bölmə rəhbərləri monitoriq prosesinin gedişatını izləyiblər.

Qeyd olunub ki, monitorinqin nəticələri cari ildə IV sinfi bitirəcək şagirdlərin tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə reytinq göstəricisini müəyyənləşdirməyə, həmçinin bu fənlər üzrə həmin şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayisə etməyə imkan yaradacaq.

Monitorinqdən öncə məktəb psixoloqları şagirdlərlə müvafiq söhbətlər aparıb, onlara öz biliklərini sərbəst şəkildə ifadə etmələri üçün psixoloji dəstək göstəriblər. Odur ki, monitorinqə cəlb olunmuş şagirdlərdə məmnunluq və əminlik müşahidə edilirdi.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

R.Mehdiyeva
Xəbəri paylaş