Bizim bu ölkədə hamı oxumamış, öyrənməmiş ekspertlik, prokurorluq, hakimlik edir. Rəy verir, ittiham edir, hökm çıxarır, sözü, davranışına da hədd qoymadan, sağa-sola və haydı buraxma.
Yazırlar ki, müəllimə yaraşmayan hərəkət edib. Nə edib? Qadın müəllimələr yığışıb, bir "veçer" düzəldib, şənlənib oynayıblar. Olmazmı? Niyə? Çılpaq oynayıblar, əxlaqsız söyüşlər işlədiblər?
Hansı dövlət qanununu, hansı ictimai qaydanı, hansı mənəvi əxlaqı pozublar, ziyanı vurublar? Tələbələr görər? Tələbənin anası, xalası şənlik etmirmi, ad günü və ya toyda heçmi oynamır?
Olmaz, ona görə ki müəllimdir? Bəs, həkimlər, hərbçi yaxud, polis zabitləri şənliklərdə şıdırğı oynayanda, unutmuşam hansı nazir idi və ya müavini idi, lambada oynayanda, və ya AZAL rəhbəri, yaşlı şəxs "caz" oynayanda yaraşırmı? Müəllimi ediblər sanki cəzalı, küncə qoyulan, sıxıntıda uşaq. O olmaz, bu olmaz, yaraşmaz!
Axırda da, özü də rəsmi KİV olaraq məsuliyyət hissini itirib yazlr ki, bu liseydə müəllim adına yaraşmayan hərəkətlərə yol vermək qətiyyən bağışlanmazdır. Direktor və onun müəllimləri cəzalandırılmalıdır. Soruşarlar, sən axı kimsən, bu ölkənin mənəvi atası, davranış ölçü vahidi əmsalısan ki, ictimai qərar verirsən? Və yaxud 'ictimai prokurorsanmı', cəzalı, təqsirli bilirsən, neçə-neçə şagirdin sevimli, şad müəlliməsini?
Hələ üstəlik bir neçə sayt da başlığa "Bakıdakı məktəbdə müəllimləri oynadıb(!), sinələrinə(!) pul basdılar" kimi konkret təhqir yazır, hansı ki, məhkəməlikdir, xüsusi ittiham, cinayət tərkibli.
Hələ, bir deputat da var, təhsil eksperti adı ilə "təhsil prokuroru" rolunda o da, bu məsələdə müəllimləri yersiz, əsassız, vulqar ittiham edib. Mənəvi həzz bilir təhsil, müəllim qamçılamağı.
Yekəxanalıq, hikkəxanalıq, 'asıb-kəsmə' var də bizim bir çoxumuzda, təəssüf ki. Xüsusi ilə də, zəif gördüyünə, gücü çatdığına qarşı. Hansı ki, vergi, ya gömrük inspektorunun önündə tam başqa cür oluruq, səbrli, dözümlü və anlayışlı.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri