Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məmləkətimizin hər bir daşını, hər ağacını göz bəbəyimiz kimi qorumalıyıq

Məmləkətimizin hər bir daşını, hər ağacını göz bəbəyimiz kimi qorumalıyıq


Ağac əkmək də, ağac kəsmək də birbaşa mədəniyyətlə, tərbiyyə ilə bağlı məsələdir. Söhbət ekoloji mədəniyyətdən, tərbiyyədən gedir. Bu keyfiyyətlərdən məhrum olan bəzi vətəndaşlarımızın, eləcə də bəzi məmurlarımızın və işbazlarımızın ağaclara, paytaxtın "ağ ciyər"lərinə qənim kəsilməsi bir yandan mədəniyyətsizlik, tərbiyyəsizlik göstəricisidirsə, digər yandan isə ağaclara qarşı təşkil olunan bu “səlib yürüşü” şəhərimizin ümumi görünüşünə ciddi xələl gətirir, eyni zamanda insanlarımızın sağlamlığına və xalqımızın genefonduna ağır zərbə vurur.

Biz bir faktı nəzərə almalıyıq ki, hazırda dünyanın əksər ölkələrində yer səthinin təxminən 30 faizi meşəliklərlə örtülüdür, Azərbaycanda isə bu cəmi 11-12 faiz təşkil edir. Yəni ki, ərazilərimizin olduqca az bir qismi meşəliklərlə örtülüb. Bunun da nəticəsində Azərbaycan dünyada ən az oksigen istehsal edən ölkələrdən biri hesab olunur. Belə bir kritik durumda onsuz da yaşıl örtüyü az olan paytaxtımızın olan-qalan ağaclarına da düşmən kəsilmək, onları müxtəlif bəhanələr əsasında kəsib, yerində isə binalar, marketlər tikmək, parklanmalar və s. yaratmaq həqiqətən də əsl cinayətdir.

Bu cinayətə yol verən bəzi görməmiş “iş adamları” da, onlara şərait yaradan bəzi rüşvətxor məmurlar da həm Tanrı qarşısında, həm xalq qarşısında, həm də qanun qarşısında məsuliyyət daşıyırlar. Yaşıllıqları məhv edən həmin “qatil”lər, “səlib”çilər xüsusi nəzarətə götürülməyəndə, onlar cəzasızlıq mühitindən sui-istifadə edib bu cür qeyri-humanist əməllərini, təbiətə qarşı barbarlıqlarını daha da genişləndirirlər.

Şəxsən mənim nəzərimdə Bakıda ağaclara qənim kəsilən bəzi məmurlar və işbazlarla işğal dönəmində Qarabağımızı viran qoymuş, abidələrimizi və məzarlıqlarımızı dağıtmış, evlərimizi yandırmış, meşələrimizi qırıb məhv etmiş erməni vandallarının heç bir fərqi yoxdur. İkisinin də hərəkəti düşmənçilikdir. Paytaxtda ağacları kəsib yerində parkinq və ya digər obyektlər yaratmaq da açıq-aşkar düşmənçilikdir. Ona görə də həmin şəxslər bu addımlarına görə həm ictimai qınağa məruz qalmalı, həm də ki, qanunun bütün gücüylə cəzalandırılmalıdırlar. Əminəm ki, belə də olacaq.

Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və onun əvəzində qeyri-qanuni parklanma yerinin yaradılmasına Prezident İlham Əliyevin operativ reaksiya verməsi, məsələni öz nəzarətinə götürməsi də bizdə bu əminliyi daha da qüvvətləndirir. Dövlət başçısının göstərişi ilə, dərhal sözügedən qanunsuz parklanma yeri sökülüb, piyada səkisi isə artıq əvvəlki vəziyyətinə gətirilib. Təqsirkarların müəyyən edilməsi istiqamətində də araşdırmalar aparılır. Yəqin ki, onlar da cəzasız qalmayacaq. Əlbəttə, belələri mütləq cəzalandırılmalıdır ki, bu digərlərinə də görk olsun.

Lakin təkcə cəza və cərimələr yetərli deyil. Bu işlərlə paralel olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi də olduqca vacibdir. İctimai fəallarla, qeyri-hökumət təşkilatlarla yanaşı media da təbiətin mühafizəsi və ekoloji mədəniyyətlə bağlı geniş maarifləndirici işlər aparmalıdır. Hətta siyasi partiyalar da bu mövzuya dair dəyirmi masalar təşkil etməli, həm öz üzvləri arasında, həm də bütövlükdə cəmiyyət üçün maarifləndirici aksiyalar, tədbirlər həyata keçirməlidirlər.

Bir sözlə, toplum olaraq hamımızın paytaxtımızda və bölgələrimizdə təbiətə münasibətimiz dəyişməlidir. Məmləkətimizin hər bir daşını, hər ağacını göz bəbəyimiz kimi qorumalıyıq. Bilməliyik ki, bura bizim hamımızın ümumi evimizdir. Biz ümumilli əhəmiyyətli hər bir məsələdə olduğu kimi təbiəti qorumaq işində də əsl milli həmrəylik nümayiş etdirməliyik. Yol qıraqlarındakı ağaclara, parklardakı güllərə yad münasibət bəsləməməli və özgələrinə də onları məhv etməyə əsla imkan verməməliyik. Yad münasibət göstərsək, laqeydlik nümayiş etdirsək, bunun acı nəticələri bir müddətdən sonra bumeranq kimi özümüzə qarşı çevriləcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş