Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd həkim məntəqələrində monitorinqlər həyata keçirilir

Kənd həkim məntəqələrində monitorinqlər həyata keçirilir


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi arasında imzalanmış ilkin səhiyyə xidmətinin inkişafına dəstək üzrə Anlaşma Memorandumu ilə bağlı görülmüş işlərlə tanışlıq məqsədilə BQXK Azərbaycan ofisi və TƏBİB nümayəndələrinin iştirakı ilə Ağdamın Əfətli, Tərtərin Sarov və Borsunlu kəndlərində yerləşən kənd həkim məntəqələrində birgə monitorinq həyata keçirilib.

Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, monitorinqdə BQXK Azərbaycan nümayəndəliyinin Səhiyyə üzrə nümayəndəsi Oskar Danilo, Bərdə subnümayəndəliyinin siyasi məsləhətçisi Xudaverdi Rzayev, Səhiyyə üzrə sahə rəisi Ruqiyyə İbrahimli, TƏBİB-in İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Monitorinq şöbəsinin baş mütəxəssisi Xəyyam Cavadov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının direktoru Sərxan Cəlalani və Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Rövşən Əhmədov iştirak edib.

Monitorinq zamanı BQXK Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə aparılmış təmir və rekonstruksiya işlərinə, yenilənmiş su, kanalizasiya, isitmə və soyutma sisteminin vəziyyətinə, bioloji tullantıların utulizasiyası üçün quraşdırılmış sistemə baxış keçirilib.
O cümlədən məntəqələrin yumşaq və bərk avadanlıqlarla, tibbi vasitələr və avadanlıqlarla təchizatı, elektrik generatorlarının quraşdırılması, məntəqələrdə çalışan tibb xidməti əməkdaşları üçün təlim ehtiyacları, əhali və tibb işçiləri üçün maarifləndirmə materiallarının çoxaldılması məsələləri müzakirə edilib.

Görüşlər zamanı TƏBİB rəhbərliyinin bu istiqamətlər üzrə imkanlar və prioritet məsələlər barədə gələcək planları BQXK nümayəndələrinin diqqətinə çatdırılıb və işlərin yekunlaşması ərəfəsində növbəti monitorinq keçirilməsinin vacibliyi vurğulanıb.

Sevinc
Xəbəri paylaş