Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ruslan Tağıyevin adı verilən küçədə barelyefin açılış mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, müdafiə nazirliyinin əməkdaşları, ictimaiyyətin nümayəndələri,şəhid ailələri, şəhidin ailə üzvləri və iş yoldaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Ruslan Tağıyevin adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb. Tədbir iştirakçıları barelyefin önünə gül dəstələri və əklil qoyublar.
Çıxış edənlər şəhidin mənalı həyatından və qəhrəmanlıq nümunəsi olan döyüş yolundan danışıblar. Bildirilib ki, R. Tağıyev döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
RİH başçısı Nahid Bağırov çıxış edərək bildirib ki, şəhid Ruslan Tağıyev torpaqlarımızın azadlığı uğrunda son damla qanına kimi vuruşaraq qəhrəmancasına şəhid olub: “Şəhidlər qanları, canları ilə xalqımıza Qələbə sevincini yaşatdılar. Bizlər onlara hər zaman borcluyuq. Şəhidlər hər zaman xalqımızın qəlbində yaşayacaqdır. Azərbaycanda şəhid ailələri Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub”.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Mərasim məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.
Sevinc