Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tbilisidə erməni təxribatının qarşısı alınıb

Tbilisidə erməni təxribatının qarşısı alınıb


Gürcüstanın paytaxtı Tbilisidə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəyi ilə “Cənubi Qafqazda sənədli fotoqrafiya” layihəsi çərçivəsində sərgi keçirilir.

Newscenter.az-ın
məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, “Ground Zero” adlı sərginin açılışı iyunun 25-də Gürcüstanın Sənədli Fotoqraflar Assosiasiyası və “Adjara Group” şirkətinin təşkilatçılığı ilə baş tutub.

Sərgi haqqında ilkin məlumatda qeyd edilib ki, tədbirdə Azərbaycan, Ermənistan və Gürcüstan fotoqraflarının ümumilikdə 300 şəkili nümayiş olunacaq. Təşkilatçıların bildirdiyinə görə, tədbirin məqsədi Cənubi Qafqazda hazırkı vəziyyəti əks etdirməkdir.

Açılış mərasimində diqqəti çəkən ilk məqam Azərbaycandan olan fotoqrafların işlərinin gürcü və erməni həmkarları ilə bir yerdə sərgilənməməsi olub. Əsl səbəblə bağlı rəsmi açıqlama olmasa da, sual doğuran məqam belə izah edilir ki, azərbaycanlı fotoqraflar sərgidə müharibə mövzusunu əks etdirən fotoların təqdim olunmamasını təklif ediblər. Erməni fotoqraflar isə bu təklifi qəbul etməyiblər və üstəlik əsərlərinin azərbaycanlı həmkarları ilə eyni vaxtda sərgilənməsini istəməyiblər.

Təşkilatçılar ermənilərin bu şərtini qəbul etdiyindən iyunun 25-dən ziyarətçi qəbul edən sərgidə Azərbaycana aid fotoşəkillər yer almayıb. Açılış günü ərəfəsində təşkilatçılar sərginin afişasına dəyişiklik edərək bildiriblər ki, azərbaycanlı fotoqrafların işləri iyulun 3-dən etibarən sərgilənəcək. İyulun 2-dək təqdim olunacaq Ermənistan fotoqraflarının sənədli şəkilləri isə həmin tarixədək yığışdırılacaq.

Sərginin digər məqamı daha çox diqqət çəkməklə yanaşı, həmçinin böyük təəccüb və təəssüf hissi yaradıb. Belə ki, Ermənistanla bağlı sərgilənən 4-5 şəkilə aid məlumatlandırıcı lövhələrdə Azərbaycana qarşı açıq-aşkar təxribat və II Qarabağ müharibəsi ilə bağlı uydurma faktlar yer alıb. Lövhələrdə fotoqraf və müəllifə məxsus şəkillər barədə məlumatdan daha çox II Qarabağ müharibəsi ilə bağlı Ermənistan tərəfinin interpretasiya etdiyi faktlar əksini tapıb. Məsələn, Firuzə Xələfyanın “Parçalanmış yaddaş” (“Unaddresed (fragmented) Memory”) adlı fotohekayəsinə verilmiş qısa təsvirin bir hissəsinə nəzər yetirək: “….. atəşin dayandırılması haqqında 10 noyabr 2020-ci ildə imzalanmış sənədlə Artsaxın (Dağlıq Qarabağ) Ermənistan tərəfindən Azərbaycana güzəştə verilən regionları”.

“Artsax” sözünə Ermənistanı təmsil edən digər fotoqraf Anahit Hayrapetyan haqqında məlumatda da rast gəlinir. Məlumatverici lövhədə fotoqrafın doğum yeri olaraq Xtsaberd, Artsax göstərilib. Bu kənd Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində 2020-ci ilin noyabrın 9-da Ermənistanın işğalından azad etdiyi Xocavənd rayonunun Çaylaqqala kəndidir.

Ümumiyyətlə, erməni fotoqrafların işləri haqqında təqdim olunan məlumatlarla tanış olduqca Ermənistanın “qurban”, Azərbaycanın isə “amansız işğalçı” olduğu ilə bağlı yanlış təəssüratlar yaranır. Fotoqraf Nelli Şişmanyanın “Ovuc içində həyat” (“Life in the palm of a hand”) fotohekayəsi barədə məlumatda Azərbaycan Ermənistanla sərhəddə yerləşən kəndlərin sakinləri üçün hər an hücum edib həyata son qoyacaq düşmən kimi təqdim edilib.

Fotoqraf Ruben Manqasaryanın “Müstəqilliyə aparan yol” (“Road to independence”) fotohekayəsinə verilən izahda isə qeyd olunub ki, müəllifin işlərinin əsas mövzusu “Qarabağın müstəqilliyi uğrunda Azərbaycanla müharibə” olub. Fotoqrafın İrəvandakı aksiyanı əks etdirən sənədli fotolarının birində iştirakçıların “Sumqayıtdakı soyqırımı tanınsın” plakatı da yer alıb.

Sadalanan hallar təsdiqləyir ki, fotosərginin təşkilatçıları böyük diqqətsizlik və məsuliyyətsizlik nümayiş etdiriblər. Ermənistan fotoqrafları sərgini öz yalanlarını və həqiqətdən çox uzaq “faktlar”ı sırımaq üçün ideal məkan kimi görüblər. Lakin Azərbaycana qarşı növbəti erməni yalanı bu dəfə də “ayaq tutsa da, yeriməyib”.

Sərgi barədə öncədən məlumatlı olan Azərbaycanın Gürcüstandakı səfirliyi ölkəmizə qarşı yönələn təxribatçı əməlləri operativ olaraq ifşa edib. Səfirliyin məsul əməkdaşı tədbirin təşkilatçılarından olan Gürcüstanın Sənədli Fotoqraflar Assosiasiyasının rəhbəri David Tsxadadzeyə sərginin açılış mərasimində sərt irad bildirib və erməni fotoqrafların şəkillərinə verilən yazılarda Azərbaycan əleyhinə olan hissələrin çıxarılması tələb olunub. Səfirliyin çevik reaksiyasından sonra sadalanan təxribatçı mətnlərin olduğu lövhələr növbəti günün səhəri sərgi zalından yığışdırılıb.

Erməni fotoqraflarının bu təxribatı bir daha sübut edir ki, Ermənistan Azərbaycanın düşmənçilik səhifəsini çevirmək və sülh çağırışlarına hələ heç bir məhəl qoymur. Əksinə, həqiqətə tamamilə uyğun olmayan yalanlarının xarici ölkələrdə təbliğini durmadan davam etdirir. Azərbaycan fotoqraflarının təklifi isə dövlətin mövqeyi ilə üst-üstə düşür. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və Ermənistanla müharibə deyil, sülh şəraitində yaşamağın tərəfdarıdır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyir. Ermənistanın Tbilisidə törətməyə cəhd etdiyi təxribat isə göstərir ki, qonşu ölkə reallığı dərk etmək istəmir və uydurduqları “həqiqətlər”dən əl çəkmək fikrinə hələ gəlməyib.

Sonda bir məqamı da mütləq vurğulayaq ki, yuxarıda qeyd edildiyi kimi, tədbirin məqsədi Cənubi Qafqazda hazırkı vəziyyəti əks etdirməkdir. Təşkilatçılar sərgi üçün şəkilləri qəbul edərkən onların mövzuya nə qədər uyğun olub-olmadığını mütləq şəkildə müəyyən etməli idilər. Ermənistan fotoqraflarının sənədli təsvirləri nəinki hazırkı vəziyyəti heç cürə əks etdirmir, əksinə reallığı, hətta tarixi faktları belə ciddi təhrif edir. Bölgədə hazırkı vəziyyət isə tam başqadır - sülh, dinc birgəyaşayış, iqtisadi tərəqqi üçün yeni imkanlar yaranıb və Ermənistan da bu reallığı qəbul etməlidir.
Xəbəri paylaş