Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmiz son 30 ildə ikili standartlarla, ayrıseçkiliklə, siyasi riyakarlıqla dəfələrlə üzləşib

Ölkəmiz son 30 ildə ikili standartlarla, ayrıseçkiliklə, siyasi riyakarlıqla dəfələrlə üzləşib


İyun ayının dördüncü həftəsi də Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlarımıza səfəri və nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı ilə yadda qaldı. Prezident Özbəkistana dövlət səfərinin ardınca, iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində ikinci komando hərbi hissəsinin, eləcə də mülki təyinatlı obyektlərin və mülki infrastruktur layihələrinin açılış və təməlqoyma mərasimlərində iştirak etdi.

Dövlətimizin başçısı iyunun 27-də Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edərək Ermənistanın işğal dövründə tarixi torpaqlarımızda törətdiyi vandallıq aktlarının və ağlasığmaz dağıntıların miqyasını bir daha beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Prezident xüsusi olaraq vurğuladı ki, Ermənistanın ölkəmizə qarşı 30 il davam edən işğal siyasətinə, ermənilərin Qarabağda və Şərqi Zəngəzurda törətdikləri vəhşiliyə baxmayaraq, Azərbaycan beynəlxalq hüququn normaları əsasında irəli sürdüyü 5 təməl prinsipinin Ermənistan tərəfindən qəbul olunması şərtilə sülh müqaviləsinin imzalanmasına hazırdır.

Prezident İlham Əliyev növbəti dəfə bəyan etdi ki, ölkəmiz bütövlükdə Qafqazı sülh və əmin-amanlıq, eləcə də bütün tərəflər üçün faydalı olan iqtisadi əməkdaşlıq məkanına çevirmək istəyir.Dövlətimizin başçısı üzləşdiyimiz ədalətsizliyə və haqsızlığa baxmayaraq, Ermənistanla sülh sazişinin bağlanılmasında nəyə görə maraqlı olduğumuzun səbəbini də izah etdi: “İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər”.

Prezident İlham Əliyev iyunun 29-da Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Vl Zirvə Toplantısında iştirak etmək üçün Aşqabada səfər etdi. Həmin tədbirdəki çıxışında dövlətimizinbaşçısı bir daha vurğuladı ki, Azərbaycan bölgəmizi münaqişələrdən, qan-qadadan uzaq olan əməkdaşlıq coğrafiyası kimi görmək arzusundadır. Ermənistanın siyasi-hərbi rəhbərliyinin köhnə vərdişlərindən əl çəkməməsinə və yalnız vaxt qazanmağa çalışmasına baxmayaraq, ölkəmiz bu humanist istəyində israrlıdır və hədəflərinə yetişəcəyinə də əmindir. Prezident İlham Əliyevin növbəti bəyanatı Xəzəryanı ölkələrlə yanaşı, Ermənistan rəhbərliyinin də nəzərə almalı olduğu ciddi mesajdır: “Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir”.

Prezidentimiz iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında iştirak etdi. Dövlətimizin başçısı bu mötəbər tədbirdəki çıxışında son 30 ildə ölkəmizin üzləşdiyi acı gerçəkliyi nüfuzlu auditoriyanın diqqətinə bir daha çatdırdı: “Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya-qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar... Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq”.

Ölkəmiz son 30 ildə ikili standartlarla, ayrıseçkiliklə, öz adı ilə desək, siyasi riyakarlıqla dəfələrlə üzləşib. Özü də Azərbaycana qarşı bütün bunları o ünvanlar edib ki, cəmiyyətimiz zamanında onları ədalətin qarantı kimi tanıyıb. Təəssüf ki, xalqımızın bəslədiyi inama ciddi kölgə salındı. Çünki ötən illər ərzində şahidi olduq ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı imperativ xarakterli məlum dörd qətnaməsi 27 il boyunca yalnız kağız üzərində qaldı. Halbuki, digər çoğrafiyalara gəldikdə, eyni mahiyyətli qətnamələr dərhal və ya çox qısa müddətdə icra olunurdu. Minsk qrupunda vasitəçilik missiyasını üzərinə götürən dünyanın üç aparıcı dövləti də kiçik Ermənistanın işğalçılıq siyasətinə son qoymadı və onu məcbur etmədi ki, həmin qətnamələrin icrasını dərhal və qeyd-şərtsiz təmin etsin. İşğal dövründə vasitəçilər tərəfindən digər haqlı tələbimiz də nəzərə alınmadı, beynəlxalq hüququ saya salmayan Ermənistana qarşı, indi Ukrayna ilə bağlı tətbiq olunan genişmiqyaslı sanksiyaların cüzi bir hissəsi də qəbul edilmədi. Minsk qrupunda təmsil olunan vasitəçilər səmərəsiz, laqeyd, işğalçı ilə işğala məruz qalanı ədalətsiz şəkildə eyniləşdirməklə guya paritet gözləyən, bir sıra hallarda isə tərəfsizlik prinsipini pozan və nəticə etibarı ilə yalnız işğalçının maraqlarına xidmət edən fəaliyyəti və ya fəaliyyətsizliyi ilə cəmiyyətimizin onlara və sülh danışıqlarına bəslədiyi inamı heçə endirdi. Prezident İlham Əliyev məhz buna görə Qoşulmama Hərakatının Parlament Şəbəkəsinin Bakı konfransında açıq mətnlə bir daha bəyan etdi: “Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik”.

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin bu bəyanatı ənənəsinə sadiq qalaraq imitasiya ilə məşğul olan Ermənistan rəhbərliyinə və oradakı revanşist qüvvələrə, onları kənardan idarə edənlərə və dəstək verənlərə tərəddüdə yer qoymayan qətiyyətli siyasi iradənin nümayişidir. Təəssüf ki, son günlər Minsk qrupunun dirildilməsi ilə bağlı öz içimizdəki bəzilərinin də siyasi spekulyasiya ilə məşğul olduqlarının və siyasi nəzakət anlayışına yersiz istinadlarının şahidi oluruq. Lakin nədənsə, ya dayaz düşüncə ucbatından, ya da kimlərinsə diqtəsi ilə belələri unudurlar ki, əgər 27 il öncə vasitəçilər öz missiyasını yerinə yetirib BMT qətnamələrini Ermənistana icra etdirsəydilər, müharibəyə ehtiyac qalmazdı, insanlar da həyat və sağlamlıqlarını itirməzdi.

Cəmiyyətimizdə ictimai inamın üzərinə qalın kölgə salındıqdan sonra ölünü diriltmək cəhdləri Senekanın bir kəlamını yada salır: “Qanunun qadağan etmədiyi bəzi şeyləri tərbiyə hissi qadağan edir”. Üzləşdiyimiz haqsızlığı unutdurmağa hesablanan, milli maraqlarımıza ziddolan təşəbbüslərdə yer almaq istəyən içimizdəki bəzilərinə isə Ulu Öndər Heydər Əliyevin bu müdrik kəlamını xatırladıram: “Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur”.


Ülvi Quliyev

Milli Məclisin deputatı
Xəbəri paylaş