Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Mövcud ictimai-siyasi quruluşu zorla devirməyə hesablanmış istənilən hərəkətlərin qarşısı qəti şəkildə alınmalıdır"-DEPUTAT

"Mövcud ictimai-siyasi quruluşu zorla devirməyə hesablanmış istənilən hərəkətlərin qarşısı qəti şəkildə alınmalıdır"-DEPUTAT


Milli Məclisin yaz sessiyası artıq başa çatdı. Sessiya müddətində aparılan müşahidələr onu deməyə əsas verir ki, parlamentin yaz sessiyası kifayət qədər məhsuldar və səmərəli keçib. Təkcə elə işğaldan azad edilmiş ərazilərə parlament nümayəndə heyətlərinin səfərləri, Milli Məclisin bir neçə komitə iclasının Şuşada keçirilməsi fonunda bunu aydın görmək mümkündür. Bəs görəsən, deputatlar bu barədə nə düşünür və onlar parlamentin yaz sessiyasını səmərəli hesab edirlərmi? Bu və ya digər suallarla Milli Məclisin deputatı Nəsib Məhəməliyevə müraciət etdik.

Newscenter.az-ın xəbərinə görə, "OLAYLAR"-a verdiyi müsahibədə Nəsib Məhəməliyev yerləşdiyimiz coğrafiyada, eləcə də yaxın və uzaq qonşularımızda baş verən proseslər, Ermənistanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyü və s. barədə danışıb.

-Nəsib müəllim, Milli Məclisin yaz sessiyası artıq başa çatıb. Millət vəkili olaraq parlamentin yaz sessiyasının fəaliyyətini necə dəyərləndirirsiniz və parlament sessiya müddətində nə dərəcədə məhsuldar işlədi?

-Ümumilikdə Milli Məclisin yaz sessiyası həm qanunvericilik, həm də çoxsaylı parlamentlərarası münasibətlər, beynəlxalq tədbirlərin keçirilməsi baxımından zəngin oldu. İşğaldan azad olunmuş ərazilərə parlament səviyyəsində çoxsaylı səfərlər baş tutdu. Parlamentin ayrı-ayrı komitələrinin iclasları Şuşa şəhərində keçirildi. Çoxsaylı xarici ölkələrin parlamentlərinin nümayəndələrinin Şuşaya, eləcə də işğaldan azad olunmuş digər ərazilərimizə səfərləri təşkil edildi. Bu cür səfərlər də təbii ki, Azərbaycanın reallıqları, həqiqətlərinin dünyaya çatdırılmasında çox böyük əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, nümayəndə heyətlərinin hər biri, özləri ilə bu bölgənin tarixi, mədəniyyəti, ictimai-siyasi həyatı ilə bağlı çox böyük təəsüratlarla öz ölkələrinə dönür və burada gördükləri, müşahidə etdikləri proseslər onların mənsub olduğu ölkələrin mətbuatında dərc edilir. Bu da kifayət qədər müsbət tendensiyadır. Burada ən vacib məqam, heç zaman Azərbaycanda olmayan insanların, ermənilərin törətdikləri soyqırımlar, vandallıqlar, şəhərləri, kəndləri, dini, tarixi abidələri yerlə yeksan etmələrini öz gözləri ilə görmələri və Azərbaycan dövlətinin qısa zaman ərzində işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq-abadlıq işləri ilə tanış olmaqlarıdır. Bununla da, onlarda hər iki dövlətin, xalqın nəyə qadir olması barədə aydın təsəvvür yaranır, bu tendensiya müqayisəli şəkildə özünü göstərir.

-Parlamentin yaz sessiyası müddətində seçicilərinizin qaldırdığı problemlər, etdiyi müraciətlərin həllinə nə dərəcədə nail ola bildiniz?

-Seçicilərimin qaldırdığı bir çox məsələlər var ki, öz həllini tapıb. Ümumiyyətlə, deputatlıq fəaliyyətim dövründə seçicilərimin mənim qarşımda qaldırdığı elə bir məsələ olmayıb ki, reaksiya verməyim. Hər bir məsələni aidiyyəti üzrə müvafiq icra qurumları qarşısında, parlament səviyyəsində, mətbuatda qaldırmışam və yaxud əksəriyyətini fərdi qaydada həll etmişəm. Elə məsələlər olub ki, zaman baxımından, yeni reallıqlar səbəbindən təxirə salınıb. Bildiyimiz kimi hazırda əsas diqqət, maliyyə resurslarımız Dağlıq Qarabağın bərpasına yönəlib. Bu da istər-istəməz bəzi ciddi maliyyə tələb edən məsələlərin həllini təxirə salıb. Seçicilər də sağ olsunlar ki, bu kimi vəziyyətləri anlayışla qarşılayırlar. Ümumiyyətlə, dünya praktikasında belə bir şey var ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün dərhal beynəlxalq maliyyə qurumları səfərbər edilir, bu məqsədlə tədbirlər keçirilir. Bərpa prosesində iştirak edəcək donor dövlətlər müəyyənləşdirilir. Həmin ərazilərin aktivləşməsi, orada yaşayışın bərpa olunması məqsədilə kifayət qədər maliyyə vəsaiti ayrılır. Misal olaraq, Ukraynanı göstərə bilərik. Müharibə davam edir, heç kim bilmir nə vaxt qurtaracaq. İsveçrədə 40-dan artıq dövlət onun bərpasına 500 milyard evro vəsait ayırmağı planlaşdırırlar. Biz buna sevinirik. Ancaq, təəssüflər olsun ki, nə 30 illik işğal dövrü, nə də işğaldan sonrakı bərpa prosesində beynəlxalq təşkilatlardan obyektiv münasibət görmədik. Problemi öz gücümüzlə həll etdikdən sonra da heç bir maliyyə, yardım dəstəyi olmadı. Bu bir reallıqdır. Ona görə də insanlarımız bunu anlaqlı qarşılayır. Ancaq qeyd etdiyim kimi bir çox məsələlər var ki, onların həllinə çalışıram. 100 faizlik nəticə əldə etmək heç vaxt mümkün deyil. Ancaq təvazökarlıqdan uzaq olsa da, deyə bilərəm ki, seçicilərimin qarşısında üzüm ağdır.

-Statistikaya əsasən hansı qənaətə gəlmək olar, seçici müraciətlərində azalma müşahidə edilir, yoxsa artma? Ümumiyyətlə, mərkəzi icra hakimiyyəti nümayəndələrinin regionlarda keçirdikləri vətəndaş qəbulu seçici problemlərinin həllinə nə dərəcədə müsbət təsir göstərir?

-Məntiqlə, müharibədən çıxmış, 3 minə yaxın şəhid vermiş, minlərlə qazisi olan ölkədə sosial-tibbi problemlərin olması təbiidir. Şükürlər olsun, dövlət tərəfindən, Heydər Əliyev Fondunun dəstəyi ilə, demək olar ki, 99 faiz problemlər operativ şəkildə həll olundu. Qalan məsələlərdə mərhələli şəkildə həllini tapır. Mərkəzi icra hakimiyyəti orqanlarının regionlarda keçirdikləri qəbullar, vətəndaşlar tərəfindən müsbət qarşılanır. Bu yaxınlarda Balakən rayonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə TƏBİB rəhbərliyi qəbul keçirdi və həmin qəbulun çox böyük effekti oldu. Nəzərə alsaq ki, mənə müraciət edənlərin bir çoxu maddi cəhətdən imkansız təbəqədir və onların ailələrində, tibbi əməliyyatlara ehtiyacı olan vətəndaşlar var. Bu baxımdan bu kimi görüşlərin əhəmiyyəti böyükdür. Ümumiyyətlə, hesab edirəm ki, həlli mümkün olmayan problem yoxdur. İşimizi düzgün qursaq, bir çox problemlər öz həllini tapa bilər. Şikayətlərin çox olması, bir qayda olaraq həmin sahələrdə çalışan məmurların peşəkarlıq səviyyəsindən, yaxud vətəndaşa olan münasibətindən asılıdır. Əgər məmur vətəndaşın problemini öz problemi kimi qəbul etsə, o halda bir çox məsələlər öz həllini tapar və hər hansı bir gərginliklər də yaşanmaz.

-Parlamentin yaz sessiyası zamanı yadda qalan hadisələrdən biri də "Deputatların statusu haqqında" qanuna dəyişiklik edilməsi və bununla da deputat maaşlarının artırılması oldu. Maraqlıdır ki, bütün dövlət qurumlarında müntəzəm olaraq maaşlar artırılır, yaxud prezidentin müvafiq sərəncamları əsasında pensiya və müavinətlərin məbləği, minimum əmək haqqı artır. Sadaladığımız bu qurumlar barədə heç bir mənfi reaksiya olmadığı halda, deputatların maaşının artırılmasına ciddi təpki göstərilir. Sizcə bunun səbəbi nədir?

-Doğru qeyd etdiniz, zaman-zaman müxtəlif orqanlarda əmək haqqları, pensiyalar, müavinətlər qaldırılır. Ancaq, deputatların əmək haqqlarının artırılması cəmiyyətdə rezonans doğurur. Səmimi deyəcəm. Hakimiyyət nümayəndələri arasında vətəndaşa ən açıq, əl çatanı məhz, deputatlardır. İstənilən seçicinin öz deputatı ilə əlaqə saxlamasında heç bir problem yoxdur. Deputatların əmək haqqlarının qaldırılmasının cəmiyyətdə qıcıq yaratması, anlaşılan deyil. Ola bilsin ki, biz deputatlar bunun mahiyyətini cəmiyyətə kifayət qədər əsaslandıra, bunun hansı zərurətdən doğduğunu cəmiyyətə çatdıra bilməmişik. Ancaq bu da bir faktdır ki, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə məhz, parlamentlər cəmiyyətin qınaq obyektinə çevrilir. Deputatlara qarşı münasibət birmənalı deyil. Bu tendensiya bir çox cəmiyyətlərə xasdır.

-Nəsib müəllim, zaman-zaman belə bir fikirlər səslənir ki, hakimiyyətin, yaxud ayrı-ayrı nazirlik və komitələrin daxilində mövcud olan hansısa qrup atdığı hansısa addımlarla bilərəkdən vətəndaşı dövlətə qarşı qaldırmağa, onu dövlətdən narazı salmağa çalışır. Siz necə düşünürsünüz, doğurdan da belə məmurlar varmı?

-Hakimiyyət daxilində konkret olaraq təşkilatlanmış belə bir qrupun olmasına inanmıram. Ancaq, bəzi məmurların fəaliyyətləri məntiqə sığmır. Əhali tərəfindən narazılıqla qarşılanır. Prezident İlham Əliyevin, vəzifə təyinatlatlarında və müxtəlif müşavirələrdə məmurlardan birinci tələbi odur ki, vətəndaş məmnunluğunu təmin etsinlər.

-Regional gərginlikdən söz düşmüşkən, son vaxtlar müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycana qarşı müəyyən xarici təsirlər mövcuddur. Paralel olaraq Mərkəzi Asiya respublikalarına qarşı da bəlli planların olduğu müşahidə edilir. Sizcə bütün bunlar ümumilikdə türk dünyasının güclənməsinə, onun möhkəmlənməsinə qarşı yönəlmiş cəhd deyilmi?

-Pandemiyadan sonra yeni dünya nizamı formalaşdırılır. Bu artıq faktdır ki, Rusiya ilə Qərb arasında "soyuq müharibə" yenidən dövriyyəyə girib. Tərəflər arasında çox ciddi konfrantasiya yaranıb və onun da nəticəsi olaraq arzuedilməz Rusiya-Ukrayna müharibəsi gedir. Baş verən dəhşətli hadisələr postsovet məkanının bir çox respublikalarını düşünməyə vadar etdi. Açıq desək, heç kim Rusiyanın Ukraynaya bu cür hərbi müdaxiləsini gözləmirdi.

Hər bir dövlət, o cümlədən Orta Asiyanın türk cümhuriyyətləri, Özbəkistan, Qazaxıstan, eləcə də digər respublikalar özlərinin dayanıqlı təhlükəsizlik sisteminin olmasında maraqlıdırlar və bu olduqca zəruridir. Bu baxımdan dövlətlər, tarixi keçmişinə, adət-ənənələrinə, coğrafi, dini, etnik bağlılığına uyğun şəkildə özlərinə müttəfiqlər seçir. Geosiyası prosesləri təhlil etdikdən sonra Orta Asiya respublikaları, o cümlədən Azərbaycan və Türkiyə gələcək təhlükəsizliyinin təminatçısını türk dövlətlərinin birliyində görür. Bu artıq özünü təsdiq etmiş bir faktdır. 44 günlük müharibə zamanı da Azərbaycanın yanında qardaş Türkiyəni gördük. Türkiyənin dünyada apardığı siyasət ədalətə, insan haqlarının qorunmasına, sosial ədalət prinsiplərinin bərqərar olmasına xidmət edir. Türkiyənin Suriya, Liviya, ərəb Körfəzi, Şərqi Aralıq dənizi, Balkanlar, Afrikada apardığı siyasətə diqqətlə baxsaq görərik ki, bir çox imperialist dövlətlərdən fərqli olaraq Türkiyənin apardığı siyasət bərabərhüquqlu dostluğa, sabitliyə, inkişafa xidmət edir. Onu qeyd etmək yerinə düşər ki, Türkiyənin əsas hərəkətverici qüvvə kimi yer aldığı Turan birliyinin yaranması, türk dövlətlərinin inteqrasiyası böyük gücləri ciddi şəkildə narahat edir. Yanvar ayında Qazaxıstanda, bu günlərdə isə, Özbəkistanın daxilində baş verən hadisələri də təsadüfi saymaq olmaz. Ancaq türk dünyası, türk respublikalarına qarşı bu yanaşma tamamilə yalnışdır. Çünki nə Türkiyə, nə də digər türk respublikalarının siyasətində qonşu ölkələrin, digər dövlətlərin ərazisinə cüzi də olsa təhdid yoxdur. Heç zaman belə bir hal olmayıb və bundan sonra da olmayacaq. Bunun qarşılığında isə istər Türkiyə, istərsə də digər türk respublikalarının yaxın və uzaq qonşularından istəyi ondan ibarətdir ki, bizim daxili işlərimizə qarışmayın, daxilimizdə mövcud olan bəzi sosial problemləri qabardaraq vətəndaşları, xalqı qarşı-qarşıya qoymayın və dağıdıcı prosesləri dəstəkləməyin. Ancaq bunu həmin ölkələrdən, ayrı-ayrı türk respublikalarının daxilində gərginlik yaratmaq istəyənlərdən gözləmək sadəlövhlükdür. Ona görə də əhali arasında çox ciddi şəkildə təbliğat işləri aparılmalıdır. Eyni zamanda separatizmə köklənmiş, mövcud ictimai-siyasi quruluşu zorla devirməyə hesablanmış istənilən hərəkətlərin qarşısı qəti şəkildə alınmalıdır. Buna imkan vermək olmaz.

-Sizin də qeyd etdiyiniz kimi 44 günlük Vətən müharibəsindən sonra Qarabağda çox sürətli və geniş miqyaslı quruculuq-abadlıq işləri görülür. Ancaq buna rəğmən hələ də Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa meyilli görünmür. Belə olan halda Azərbaycan hansı addımı atmalıdır və münaqişə 30 ilə yaxın uzandığı kimi sülh müqaviləsinin imzalanması da bir o qədər yubana bilərmi?

-Ümumiyyətlə, yaxın zamanlarda Ermənistanla böyük sülh müqaviləsinin imzalanmasını gözləmirəm. Bunun bir neçə səbəbi var. Əsas səbəb odur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması 150 il bundan əvvəl başlanmış erməni mifinin tamamilə tarixin arxivinə atılması demək olar. Bununla "Böyük Ermənistan" ideyaları artıq aradan qalxır, Türkiyə əleyhinə qlobal güclərin apardığı təbliğat yox olur. Bunun baş verməsi ümumiyyətlə, erməni xəstəliyinin sağalması demək olacaq. Ona görə də bütün bunları nəzərə alaraq inanmıram ki, yaxın zamanlarda bu baş versin. İkinci bir tərəfdən Ermənistanın daxili ictimai-siyasi vəziyyəti ilə bağlı məsələlər sülh müqaviləsinin imzalanmasını indiki halda mümkünsüz edir. Ermənistan cəmiyyəti xüsusilə 44 günlük müharibənin acı məğlubiyyətindən sonra ciddi şəkildə parçalanıb. Azərbaycan qarşısında məğlubiyyəti həzm edə bilməyən radikal qüvvələr, daşnaklar, keçmiş Qarabağ klanı heç bir halda bununla barışmaq istəmirlər. Eyni zamanda həmin qüvvələrə dəstək verən bir sıra xarici güclər də bilavasitə bu siyasətin davam etməsində maraqlıdırlar. Üçüncü bir səbəb isə, Ermənistanın bir dövlət olaraq müstəqil siyasət yürütmək imkanının olmaması, Paşinyanın ikiüzlü siyasətidir. Ermənistan dövləti ciddi şəkildə xarici faktorlardan asılıdır və maksimum dərəcədə çalışırlar ki, Qarabağda yaşayan azsaylı erməni tör-töküntüləri üçün nəsə əldə etsinlər. Kommunikasiyalar açılacaq və qismən iqtisadi əlaqələr başlaya bilər. Ancaq siyasi məsələlər hələ uzun zaman müzakirə mövzusu olacaq və tam həllini tapması üçün uzun zamana ehtiyac var.

-Sülh müqaviləsi bağlanmadığı halda Azərbaycan vətəndaşı hansı təhlükəsizlik təminatı, zəmanətlə öz yurduna qayıdacaq? Yaxud keçmiş məcburi köçkünlər qayıdış üçün ehtiyat etməyəcəklər?

-Azərbaycan vətəndaşı olan keçmiş məcburi köçkünlərin ən böyük təminatı Azərbaycan Ordusu və onun Ali Baş Komandanı Cənab İlham Əliyevdir. İstər Qarabağda, istərsə də Ermənistanla sərhəddə bütün strateji yüksəkliklər, üstünlük bizim tərəfimizdədir. Bunu ermənilər də çox gözəl başa düşür. Artıq biz 90-cı illərin əvvəllərində olan Azərbaycan deyilik. Hansı ki, həmin illərdə ov tüfəngləri ilə torpaqlar müdafiə olunurdu. İndi çox güclü, NATO standartlarına uyğunlaşdırılmış, ən müasir silahlarla təchiz edilmiş, vahid mərkəzdən idarə olunan Azərbaycan Ordusu var. Bütün bunlarla yanaşı, Azərbaycan Ordusunda müharibədən sonra, qələbədən irəli gələn çox böyük mənəvi-psixoloji durum var. Artıq hər bir Azərbaycan əsgəri özünü qalib ordunun əsgəri hesab edir. Bu inam məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün kifayətdir.