Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zirvə görüşü fonunda Azərbaycanın siyasi mövqeyi

Zirvə görüşü fonunda Azərbaycanın siyasi mövqeyi



2026-cı il mayın 4-də Ermənistan Respublikasının paytaxtı olan İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin VIII Zirvə görüşü təşkil olunub. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev videokonfrans vasitəsilə iştirak etmişdir.
İlk öncə qeyd etmək istərdim ki, Zirvə görüşləri beynəlxalq münasibətlər sistemində mühüm yer tutan və dövlətlərarası əməkdaşlığın inkişafına xidmət edən yüksək səviyyəli toplantılar hesab olunur. Bu tədbirlərdə müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və digər yüksəkvəzifəli rəsmiləri bir araya gələrək qlobal və regional gündəmdə duran aktual məsələləri müzakirə edirlər. Zirvə görüşlərinin əsas məqsədi ölkələr arasında siyasi dialoqu gücləndirmək, qarşılıqlı anlaşmanı artırmaq və ortaq maraqlara əsaslanan əməkdaşlıq mexanizmlərini formalaşdırmaqdan ibarətdir.Belə görüşlər zamanı beynəlxalq təhlükəsizlik, enerji siyasəti, iqtisadi tərəfdaşlıq, nəqliyyat-kommunikasiya layihələri, iqlim dəyişiklikləri, humanitar məsələlər və regional sabitlik kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılır. Eyni zamanda, zirvə toplantıları dövlətlər arasında münasibətlərin daha da yaxınlaşmasına, yeni təşəbbüslərin irəli sürülməsinə və çoxtərəfli əməkdaşlığın genişlənməsinə şərait yaradır.
Çıxışı zamanı Cənab İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvətə görə Avropa İttifaqı Şurasının Prezidenti António Koştaya təşəkkürünü çatdırıb. Dövlət başçısı bildirib ki, António Koştanın Azərbaycana son səfəri çərçivəsində keçirilən görüşlərdə Zirvə toplantısında iştirak məsələsi də müzakirə olunub və nəticədə onun tədbirə videobağlantı vasitəsilə qoşulması barədə razılıq əldə edilib.
Prezident İlham Əliyev çıxışında ötən il Tiranada baş tutan görüşlərə də toxunaraq qeyd edib ki, həmin vaxt António Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tərəfindən “Avropa Siyasi Birliyi”nin növbəti Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsü ilə bağlı onun fikri öyrənilib. Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəklədiyini bildirib və eyni zamanda gələcək toplantılardan birinin Azərbaycanda təşkil olunmasını təklif edib. Onun sözlərinə görə, bu təşəbbüs iştirakçılar tərəfindən müsbət qarşılanıb və qəbul olunub. Dövlət başçısı vurğulayıb ki, bu kimi beynəlxalq platformalar regionda dialoqun inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Sonda çıxışı zamanı Cənab İlham Əliyev Avropa Parlamentinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi mövqeyin obyektivlikdən uzaq olduğunu diqqətə çatdırıb. Prezident vurğulayıb ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən sonra ölkəyə qarşı qərəzli qətnamələrin qəbul edilməsi qarşılıqlı münasibətlərdə etimad mühitinə mənfi təsir göstərir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bundan sonra da milli maraqlarını əsas tutaraq beynəlxalq platformalarda müstəqil və prinsipial siyasət yürütməyə davam edəcək.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş