
Cari ilin 27 oktyabr tarixində Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilmişdir. . Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, doğma Partiyamız Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev də iştirak edərək forumun açılış mərasimində çıxış edib.
Dövlət başçısı çıxışında Azərbaycanın coğrafi mövqeyinin Şərq ilə Qərb arasında mühüm əlaqələndirici rol oynadığını, ölkəmizin əsrlər boyu müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynadığını vurğulayıb. Prezident qeyd edib ki, xalqımızın tarixən qoruyub saxladığı multikulturalizm ənənələri, dini və etnik dözümlülük dəyərləri Azərbaycanın ictimai həyatında mühüm yer tutur. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi ölkəmizdə sabitliyin, qarşılıqlı etimadın və davamlı inkişafın əsas amillərindən biridir.
Həmçinin ölkə başçısı çıxışında Azərbaycan-Ermənistan münasibətlərinə və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi tarixi nailiyyətlərə də toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həlli üçün səmimi səylər göstərsə də, danışıqlar prosesi heç bir nəticə verməyib. Bu səbəbdən ölkəmiz BMT Nizamnaməsinin müddəalarına, o cümlədən 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsaslanaraq öz torpaqlarını işğaldan azad edib. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
Nəticə etibarilə, Azərbaycan öz gücü və qətiyyəti ilə tarixi ədaləti bərpa etdi. Bu gün əsas məqsədimiz regionda sülhün möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsidir.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı












































