
Hər bir suveren dövlətin müstəqil xarici siyasət yürütmək imkanı və beynəlxalq müstəvidə diktələrə məruz qalmaması onun iqtisadi özünü təminetmə qabiliyyətindən, maliyyə müstəqilliyindən və daxili resurslarının səmərəli idarə olunmasından birbaşa asılıdır. Dünyanın bir çox inkişaf etməkdə olan ölkələri xarici borcların ağır yükü altında girovlaşdığı, beynəlxalq maliyyə institutlarının siyasi şərtlərinə tabe olduğu bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı proqram xarakterli çıxışında ölkəmizin tamamilə fərqli analoqu olmayan və özünəgüvənən iqtisadi inkişaf modelini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət Başçısının çıxışında xüsusi vurğuladığı hədəflər və statistik reallıqlar Azərbaycanın daxili gücünə arxalanan iqtisadi suverenlik konsepsiyasının parlaq təzahürüdür.
Prezident İlham Əliyev öz çıxışında ölkəmizin maliyyə müstəqilliyini nümayiş etdirən fundamental bir faktı bəyan etdi: "Azərbaycanın borcu ÜDM-in 5 faizindən bir az artıqdır". Müasir qlobal iqtisadiyyatda, hətta inkişaf etmiş böyük dövlətlərin xarici borclarının ümumi daxili məhsula nisbətinin 100 faizi aşdığı bir şəraitdə bu rəqəm unikal bir göstəricidir. Bu, təsadüfi bir nəticə deyil, Prezident İlham Əliyevin illər boyu ardıcıllıqla yürütdüyü strateji kursun – xarici asılılığı sıfıra endirmək, valyuta ehtiyatlarını artırmaq və daxili resurslar hesabına inkişaf etmək siyasətinin məntiqi bəhrəsidir. Azərbaycan heç bir xarici təşkilatın və ya güc mərkəzinin maliyyə diktəsinə boyun əymədən öz iqtisadi prioritetlərini tam müstəqil şəkildə müəyyən edir.
Ölkə rəhbərinin Forumdakı nitqində vurğuladığı digər mühüm tezis isə nailiyyətlərimizin kökündə duran əsas amillə bağlıdır: "Bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur". Dövlət Başçısı bir daha aydın şəkildə bildirdi ki, Azərbaycan bu gün malik olduğu nəhəng infrastrukturu, modernləşən şəhərlərini, strateji enerji və nəqliyyat layihələrini heç bir xarici yardım və ya lütf hesabına deyil, məhz xalqın alın təri, zəhməti və milli resursların səmərəli idarə edilməsi sayəsində ərsəyə gətirmişdir. Xarici asılılıqdan azad olan bu iqtisadi arxitektura ölkəmizə imkan verir ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa və quruculuq işlərini də heç kimdən bir qəpik dəstək almadan, yalnız öz daxili büdcəsi hesabına həyata keçirsin.
Prezident İlham Əliyevin rəhbərliyi ilə formallaşan bu iqtisadi model Azərbaycanı beynəlxalq birliyin son dərəcə etibarlı, nizamlı və hörmətli bir üzvünə çevirmişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, "Özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik". Sözü ilə əməli bir olan, maliyyə öhdəliklərinə tam əməl edən, qlobal layihələrin təşəbbüskarı və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bu gün dünya miqyasında böyük nüfuza sahibdir. Müstəqil iqtisadiyyat müstəqil xarici siyasətin ən etibarlı zəmanətçisidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqi bir daha sübut etdi ki, Azərbaycanın iqtisadi inkişaf strategiyası milli maraqlara, xalqın zəhmətinə və maliyyə suverenliyinə söykənir. Xarici borcun minimale endirilməsi və daxili potensialın maksimum səfərbər olunması ölkəmizin geosiyasi müstəqilliyini və sarsılmaz gələcəyini təmin edən ana sütundur.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı












































