
2025-ci ildə imzalanmış Türk Dövlətləri Təşkilatının Budapeşt Bəyannaməsində Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələr xüsusi vurğulanmışdır. Sənəddə qlobal səviyyədə qarşılıqlı anlaşma və mədəniyyətlərarası əməkdaşlığın təşviqində mühüm rol oynayan “Bakı Prosesi”nin uğurları yüksək qiymətləndirilmiş, Azərbaycanın bu sahədə nümayiş etdirdiyi ardıcıl təşəbbüskarlıq və liderlik təqdir olunmuşdur. Eyni zamanda, təşkilata üzv dövlətlər 2026-cı ildə Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə edərək bu beynəlxalq platformanın əhəmiyyətini bir daha təsdiqləmişlər.
Bu dəstəyin və Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin davamı olaraq, oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Forum müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, tolerantlığın təşviqi və qlobal əməkdaşlığın genişləndirilməsi baxımından mühüm beynəlxalq platforma kimi xüsusi əhəmiyyət daşıyır.
Qeyd etmək istərdim ki, Forumda iştirak edən Prezident cənab İlham Əliyev çıxışı zamanı beynəlxalq hüququn aliliyinin təmin edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması və Azərbaycanın beynəlxalq birliyin etibarlı üzvü kimi mövqeyi məsələlərinə toxunub. Dövlət başçısı ölkəmizin beynəlxalq nüfuzunu və qlobal əməkdaşlığa verdiyi töhfələri diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın dövlət borcunun ÜDM-in 5 faizindən bir qədər artıq olduğunu qeyd edərək ölkənin maliyyə vəziyyəti və iqtisadi dayanıqlılığı ilə bağlı fikirlərini bölüşüb.
Ölkəmizdə keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya xalqları arasında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, etnik və dini qruplar arasında qarşılıqlı anlaşmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Forum tolerantlıq, multikulturalizm və xalqlar arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfə verir. Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq dialoqa və qlobal əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da beynəlxalq nüfuzunu möhkəmləndirərək daha böyük və əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəkdir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı












































