
“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq beynəlxalq bir platformaya çevrilib. Sayca yeddincisi keçirilən forumda iştirakçı ölkə və nümayəndə sayının artması onun qlobal səviyyədə maraq və diqqətə səbəb olduğunu təsdiqləyir. Bu da öz-özlüyündə Azərbaycana, onun multikulturalizminə, etnomədəniyyətinə verilən beynəlxalq qiymətin, dəstəyin göstəricisidir”.
Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə fikirlərini bölüşərkən səsləndirib. Millət vəkili deyib ki, forumun ölkəmiz üçün də kifayət qədər böyük əhəmiyyəti var və Azərbaycanın ötən müddət ərzində qeyd edilən istiqamətdə gördüyü işlər, atdığı addımlar, ümumilikdə ölkəmizin əldə etdiyi nailiyyətlərin bu platformanın imkanlarından istifadə edərək beynəlxalq aləmə çatdırılması baxımından VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xüsusilə əhəmiyyətlidir:
“Azərbaycan üçün forumun əhəmiyyəti həm də ölkənin Avropa ilə Asiya arasında mədəni və diplomatik əlaqələrin inkişafına töhfə vermək imkanları ilə bağlıdır. Bununla belə, belə platformaların real nəticələri müzakirələrin konkret təşəbbüslərə, davamlı əməkdaşlığa və xalqlar arasında daha güclü qarşılıqlı anlaşmaya çevrilməsindən asılıdır. “Ortaq gələcək naminə dialoq” mövzusu məhz bu zərurəti ifadə edir. Fərqli mövqeləri zorla eyniləşdirmək deyil, onları qarşılıqlı hörmət və beynəlxalq hüquq çərçivəsində müzakirə etmək, fikir ayrılıqlarını əməkdaşlıq imkanlarına çevirmək və gələcək nəsillər üçün daha təhlükəsiz, sabit və sülhsevər dünya yaratmaq bu ilki forumun əsas devizidir”.
Deputat qeyd edib ki, forumda diqqət çəkən məqamlardan biri Azərbaycan Prezidenti Cənab İlham Əliyevin geniş məzmunlu və proqram xarakteri daşıyan çıxışı oldu:
“Forumda Prezident İlham Əliyev tərəfindən səsləndirilən mühüm mesajlardan biri də Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi və müxtəlif əməkdaşlıq formatlarında iştirakının artması ilə bağlı idi. Prezident çıxışında Azərbaycanın Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsini, ABŞ ilə Strateji Xartiyanı və Avropa İttifaqına üzv dövlətlərlə mövcud strateji tərəfdaşlıq sənədlərini qeyd edib. O, həmçinin Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyini və 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Bakıda keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bu faktlar Azərbaycanın xarici siyasətində müxtəlif coğrafi istiqamətlər üzrə əməkdaşlığın paralel inkişaf etdirilməsi yanaşmasını əks etdirir. Avropa, Asiya və İslam dünyası ilə əlaqələr ölkənin diplomatik gündəliyində mühüm yer tutur.
Cənab Prezident çıxışı zamanı hər zaman olduğu kimi bir daha Bakının sülh gündəliyini təqdim etmiş oldu, qalib ölkə olmağımıza baxmayaraq regionda sülh və sabitlik, dialoq tərəfdarı kimi çıxış etdiyimizi diqqətə çatdırdı. Dövlət başçısı dedi ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Beləliklə, beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bundan sonra isə Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Cənab Prezidentin dediyi kimi müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik”.
Cənab Prezident haqlı olaraq deyib ki, bu gün demək olar hər il yeni müharibələrin başladığını gördükdə anlayırıq ki, müharibəyə son qoymaq çox çətindir:
“Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır.
Hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər. Fikrimcə, yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır”.
Süleyman












































