Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz artıq sağlam və mütərəqqi cəmiyyət qurmuşuq

Biz artıq sağlam və mütərəqqi cəmiyyət qurmuşuq


Vətən sevgisi milli kimlik anlayışının fəlsəfəsini dərk edən insanlara xas olan ali hissdir. Bəli, bu gün yüz illərin böyük məhrumiyyətlərinə baxmayaraq, biz vətən sevgisini bir millət olaraq elə formalaşdırmışıq ki, bu xalqın dövlətə bağlılığının siyasi və mənəvi tellərini heç bir qüvvə qıra bilməz. Bu bağlılıq, dövlət idarəçilik sistemində dövlətçilik prinsiplərinə sədaqətlə xidmət edən siyasi liderimizin müdrikliyi ilə nail olunmuşdur. Bu ideoloji xətti heç kim inkar edə bilməz. Çünki biz onu əyani şəkildə görənlərdənik və gördüklərimizi səmimi şəkildə gələcək nəsillərə çatdırmaq bizim vətəndaşlıq borcumuzdur. Dövlətə bağlılıq təkcə qanun və sərhəd anlayışı deyil, həm də tarixə, milli kimliyə, mədəniyyətə və ortaq taleyə bağlılıq hissidir.

Burada çox incə bir məqam var: hakimiyyəti tənqid etmək çox hallarda dövlətə nifrət sayılmır. Biz artıq sağlam və mütərəqqi cəmiyyət qurmuşuq. İdarəçilikdə individual xarakterləri, fərdlərin nöqsanlarını müvafiq şəkildə tənqid etmək bəzən daha yaxşı dövlət arızasından irəli gəlir. Amma vətən sevgisi olmayan insanlarda dövlətə qarşı laqeydlik və nifrət hissinin yaranması, milli kimlikdən uzaqlaşma, tarixi yaddaşın zəifləməsi, şəxsi maraqları dövlət maraqlarından üstün tutmaq, xarici təsirlərin girovuna çevrilmək bu, dövlətə nifrət və xəyanətdir. Bu isə yolverilməzdi. Siyasətçidə vətən sevgisi şüarlarla deyil, xalqın taleyinə sahib çıxmaqla, dövlətin sabitliyini təmin etməklə, cəmiyyəti inkişaf etdirməklə, tarixi və milli dəyərlərə hörmət etməklə görünür.

Bu gün İlham Əliyev dövlət və millət sevgisini bu nümunələrlə tam, bütöv və dürüst şəkildə həyata keçirib. Milli həmrəylik və birlik məhz bu amilləri böyük düşüncə və uzaqgörən diplomatiya ilə həyata keçirməklə mümkün olur. Amma dövlətə nifrət edənlər bunun tam əksini edirlər: dövlətin uğurlarını gözdən salmağa çalışır, milli dəyərləri şəxsi maraqlarına qurban verirlər. Bu isə vətənə sevgi deyil, nifrət hissidir. Həmin düşüncəni daşıyanlar bu gün nə cəmiyyət tərəfindən dəstəklənir, nə də nifrət etdikləri dövlət onların bu hissini yaymağa imkan verir. Çünki əldə etdiyimiz saf, ədalətli, qürurlu vətən sevgisinin zədələnməsinə yol verilməməlidir.

Dəyərli soydaşlar, uğurlara sevinmək, onları qiymətləndirmək və dəyərləndirmək, vətənə və dövlətə sədaqətlə xidmət etmək yolunun milli ideologiyası və strategiyası mükəmməl şəkildə qurulub. O yol bizim milli ruhumuza və dövlətçilik ənənələrimizə yaraşan yoldur

Ramil Hüseynov
Xəbəri paylaş