Böyük Britaniya Silahlı Qüvvələrinin müdafiə qərargahının rəhbəri, admiral Toni Radakin deyib ki, Rusiya onilliklər boyu ölkə üçün təhlükə olaraq qalacaq: "Rusiyanın qarşıya qoyduğu çağırış 2022, 2023 və ya 2024-cü ildən daha uzun müddət davam edəcək. Potensial olaraq, söhbət Rusiyanın təhlükə olaraq qalacağı onilliklərdən gedir. Bu, keçən il təqdim etdiyimiz geniş icmalda açıq şəkildə vurğulanıb. Mən hesab edirəm ki, indi Ukraynanın işğalı səbəbindən təhlükə artıb”.
Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Maykl Uiqston isə söyləyib ki, Rusiya ilə mümkün toqquşmaya hazır olmaq lazımdır. Onun sözlərinə görə, Rusiyanın Ukraynada hərbi əməliyyatını davam etdirməsi London və Avropa üçün təhlükədir: “Heç bir şübhəm yoxdur ki, Rusiya Britaniya və Avropanın təhlükəsizliyinə ən ciddi təhdiddir. Onun təkcə Ukraynada deyil, ondan əvvəl Gürcüstandakı hərəkətlərinə baxın. Mən şübhə etmirəm ki, biz məhz bu aydın və ani təhlükəyə hazır olmaq üçün məşq edirik. Biz, əlbəttə, ümid edirik ki, vəziyyət gəlib buna çıxmayacaq”.
O, qeyd edib ki, Böyük Britaniya Rusiya ilə müharibə edə bilər: “Belə bir ssenari yalnız Moskvanın Britaniya ərazisinə və ya NATO üzvü olan dövlətlərdən birinə hücum edəcəyi halda mümkündür”.
Rusiya Qərb, o cümlədən Britaniya üçün arzuolunmaz dövlətdir. Bu, uzun illərdir ki, belədir. Çünki Kreml bir çox hallarda kollektiv Qərbin planlarına mane olur. Bu, bir sıra regionlara, o cümlədən də Cənubi Qafqaza aiddir.
Şərqi Avropada davam edən müharibə Qərblə Kreml arasında münasibətləri daha da gərginləşdikməklə yanaşı, həm də Rusiyanı istər- istəməz zəiflədir. Bu, əslində Britaniya və müttəfiqlərinin Rusiyaya müharibə elan etmələri üçün fürsətdir. Bəhanə isə hazırdır: rəsmi Moskvanın Avropada sülh və sabitliyi təhdid etməsi.
Nəzərə almaq lazımdır ki, artıq beş aydır davam edən müharibənin "rejissoru" da məhz Qərb idi. Əvvəlcə Ukrayna "bataqlığa" çevrildi, sonra isə Rusiya bu "bataqlığa" çəkildi. Deməli, oxşar ssenarinin təkrarlanması istisna deyil.
Kreml indi aqressivdir. Bu isə o deməkdir ki, səhv etmək ehtimalı daha çoxdur. Qərb bu fürsətdən istifadə etmək istəyə bilər. Xüsusilə İsveç və Finlandiya "kartı" hələ də "kozur" olaraq qalır. Bundan başqa, əgər perspektivdə Belarus birbaşa olaraq müharibəyə qoşularsa, bu zaman Britaniyanın Ukraynaya dəstəyi daha da arta bilər. Başqa sözlə, Qərbin Rusiyaya təzyiqləri güclənər.
Britaniyanın Rusiyaya birbaşa hücum edəcəyi ağlabatan deyil. Amma Kremli qıcıqlandırması mümkündür. Qərb və müttəfiqlərinə lazım olan Rusiyanın sadəcə ilk addımı atmasıdır. Bundan sonra isə savaşın miqyası daha da genişlənə bilər. Yəni yaxın gələcəkdə Moskvanı qıcıqlandıracaq addımların atılması gözləniləndir.
Beləliklə, əgər bir çox ekspertin düşündüyü kimi, Qərbin məqsədi, həqiqətən, Rusiyanı idarə olunan duruma salmaqdırsa, onda hədəfinə çatanadək prosesləri davam etdirəcək; yeni cəbhələr açılacaq, Kreml sıxışdırılacaq.
Kənan Novruzov-siyasi ekspert