Londonda baş verən son terror hadisəsindən sonra “dini radikal qrup” ifadəsi ətrafında geniş müzakirələr aparıldı. Bəzilər bu ifadənin işlədilməsinin yanlış olduğunu, radikalizmin və radikal qrupların dinlə heç bir əlaqəsinin olmadığı fikrini müdafiə etdilər.
Əslində dini nöqteyi-nəzərdən yanaşsaq məsələyə bütün dinlərin əsas qayə və məqsədinin insanların sülh və anlaşma şəraitində yaşamasının təmin olunması olduğu qənaətinə gələrik. Bütün səmavi dinlər insanlarla mərhəmətlə davranmağı tövsiyə edir. Hətta Qurani-Kərimdə Allah-Təala buyurur “İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et...” (ən-Nəhl, 16).
Bir sözlə heç bir din radikalizmi qəbul etmir və bu kimi əməlləri qətiyyətlə pisləyir.
Ancaq bu da reallıqdır ki, siyasi terminologiyada dini radikalizm ifadəsi geniş istifadə olunur. Bu ifadə ilə dindən siyasi məqsədlərlə istifadə edən radikal qruplar nəzərdə tutulur. On görə burada hansısa dinə qarşı hörmətsiz münasibətdən söhbət getmir. Dindən siyasi məqsədlərlə istifadə edən qruplar nəzərdə tutulur.
Onu da qeyd edək, radikal dini qruplar təkcə İslamda deyil, xristianlıq və yəhudilikdə də mövcuddur. Zaman-zaman yəhudi və xristian radikal dini qruplar tərəfindən də bir sıra terror hadisələri törədilib.
Odur ki, bu ifadənin işlədilməsindən narahat olmağa dəyməz. Dinimiz sülh dinidir, insanları birliyə və həmrəyliyə çağırır. Quran ayələri və hədislərdə bu məsələ öz geniş təsdiqini tapıb.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı