Azərbaycanın ermənilər tərəfindən daha çox çirkləndirilən əraziləri Aprel döyüşlərində azad edilən Lələtəpə yüksəkliyi və bu istiqamətdə yerləşən Cəbrayılın Mehdili kəndidir.
Newscenter.az xəbər verir ki, bu barədə "Report"un Qarabağ bürosuna Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) 3 saylı təmizləmə qrupunun supervayzeri Azər Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun Aprel qələbəsi zamanı Lələtəpə yüksəkliyini işğaldan azad etdikdən sonra ermənilər 30 ilə yaxın bir müddətdə işğalda saxladığı Cəbrayılın Mehdili kəndində səngərlər qazaraq postlar qurmuşdular:
"Lələtəpə yüksəkliyinin ətrafı və Mehdili kəndləri erməni işğalçılarının ən çox mina basdırdıqları ərazilərdir. Daha çox piyada əleyhinə minalar basdırılıb. Burada daha çox Aprel döyüşlərindən sonra basdırılan mina və partlamamış hərbi sursatlara rast gəlinir".
ANAMA rəsmisi əlavə edib ki, burada gözlə görünən ərazilərdə çox böyük təhlükələr var:
"Vətən müharibəsində işğaldan tam azad ediləndən sonra təmizləmə qrupumuz yorulmadan ərazilərimizi "görünməyən düşmən" olan minalardan təmizləməyə başlayıblar. Təmizləmə işlərini daha səmərəli və effektli bir şəkildə davam etdiririk.