Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəbli geyimlərinin ləğv edilməsi bir problemi çözəcəksə, əvəzində başqa problemlər ortaya çıxacaq

Məktəbli geyimlərinin ləğv edilməsi bir problemi çözəcəksə, əvəzində başqa problemlər ortaya çıxacaq


Hər il yeni dərs ilinin başlanması ərəfəsində bir dərsliklərlə, birdəki məktəbli formaları ilə bağlı çox ciddi fikir ayrılıqları ortaya çıxır, ictimai müzakirələr səngimək bilmir. Bu il də istisna deyil. Belə ki, “məktəbli formalarına ehtiyac varmı” və yaxud, “məktəbli formaları ləğv edilsinmi” səpkisində qoyulan suallar ətrafında müxtəlif təhsil ekspertləri, pedaqoqlar, blogerlər və eləcə də bir sıra deputatlar öz fikirlərini bildirir, fərqli mövqelərdən çıxış edirlər.

Maraqlıdır ki, məktəbli formasının olmasına ehtiyac yoxdur deyənlərin sayı get-gedə artır. Onlar öz mövqelərini bununla əsaslandırırlar ki, məktəbli formaları üzərindən biznes qurmaq olmaz. Əslində bu mövqe müəyyən mənada doğru mövqedir. Bəli, maddi sıxıntılarla üzləşən bəzi valideynlərin öz övladlarına məktəbli geyimi almaq imkanı aşağı olur. Ancaq buna görə məktəbli geyimlərinin ümumiyyətlə, ləğv edilməsi fikri zənnimcə, heç də doğru yanaşma deyil.
Əksinə, biz elə etməliyik ki, işbazlar, oliqarxlar məktəbli geyimini öz biznes maraqlarını təmin etmək üçün qazanc vasitəsinə çevirməsinlər və hər bir valideyin öz övladına əlçatan qiymətə məktəbli geyimi almaq imkanına malik olsun. Beş-üç nəfər işbaza görə məktəbli geyimlərinin üzərindən birdəfəlik xətt çəkmək təklifi ilə çıxış edənlər bəlkə də bununla problemi kökündən həll edəcəklərini düşünürlər. Ancaq onlar yanılırlar.

Məktəbli geyimlərinin ləğv edilməsi bir problemi çözəcəksə, əvəzində başqa problemlər ortaya çıxacaq. Əgər yeni problemlərlə üzləşmək istəmiriksə, dünyanın əksər ölkələrində olduğu kimi bizim də ümumtəhsil müəssisələrimizdə məktəbli forması ənənəsi davam etdirilməlidir. Məktəbli formalarının keyfiyyəti və qiyməti ilə bağlı məsələləri isə ətraflı müzakirə etmək olar. Elə etmək lazımdır ki, valideynlər qiymətlərdən, şagirdlər isə keyfiyyətdən narazı qalmasınlar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş