Azərbaycan və Ermənistan rəhbərlərinin Aİ İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə sonuncu görüşü 6 oktyabr 2022-ci ildə Praqada keçirildi və həmin görüşdə Avropa İttifaqının Ermənistana mülki missiya göndərməsi barədə razılıq əldə olundu. Ardınca ötən həftə Avropa İttifaqı Siyasət və Təhlükəsizlik Komissiyasının qapalı iclasında üzv ölkələrin səfirləri Ermənistana mülki missiya göndərilməsi barədə qərarı qəbul etdilər. Missiyanın Ermənistan ərazisində Azərbaycanla sərhəddə yerləşdirilməsi nəzərdə tutulur. Avropa siyasətçilərinin verdiyi şərhlərə görə məqsəd tərəflər arasında etimad yaratmaq, eləcə də sərhədlərin delimitasiyası prosesini təşviq etməkdir. Amma Azərbaycan cəmiyyətində bu missiyaya heç bir etimadın olmadığı da aydındır. Reallıqda bu missiyadan və onun hazırladığı hesabatlardan hansı məqsədlər üçün istifadə ediləcəyi Azərbaycan vətəndaşları üçün müəammalı görünür.
Praqa görüşündə Fransa prezidenti Makronun təkidlərinə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevin belə bir missiyanın Azərbaycan ərazisinə gəlişini məqbul hesab etməməsi də özü özlüyündə bu missiyanın nəinki lazımsız olduğu, hətta zərərli ola biləcəyi haqqında fikir yaradır. Məhz ona görə də Aİ missiyası Ermənistan ərazisinə göndərilir. Haqqında danışılan və ermənilərin sanki onların məğlubiyyət tarixini geriyə qaytaracağını güman etdiyi bu missiya kimə və nəyə lazımdır və bu missiya Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq üçün nə edə bilər? – Əslində bu missiya heç nəyə lazım deyil və ərazidə vəziyyətin normallaşdırılması üçün heç nə edə bilməz. Əgər əlində BMT tərəfindən təsdiqlənmiş mandatı olan ATƏT-in Minslk Qrupu 30 il ərzində münaqişənin çözülməsi üçün heç nə etmədisə, Aİ-nın mülki missiyasının formal və subyektiv bir hesabat hazırlamaqdan başqa nə isə edə biləcəyi haqlı olaraq Azərbaycan cəmiyyətində şübhə doğurur. Ermənistan siyasətçiləri isə belə bir missiyanın təşkil olunmasını böyük siyasi qələbə hesab edir və inanırlar ki, erməni xalqının və dövlətinin bütün problemlərini məhz bu missiya həll edəcək. Erməni cəmiyyətində bu inamı yaradan isə Praqa görüşündə Fransa prezidentinin iştirak etməsi idi. Əsrlər ərzində başı daşdan daşa dəyən ermənilər bu dəfə də reallıqdan başqa hər şeyə inanaraq öz siyasi tarixlərini “cəfakeşlik” epizodları ilə zənginləşdirməkdə israrlı görünürlər.
Fransa prezidentinin Praqa görüşündə iştirakına Azərbaycanın razılaşması əslində iki ölkə arasında münasibətlərin normallaşdırılması naminə Azərbaycan tərəfindən göstərilən xoş məram nümunəsi idi. Lakin Praqa görüşündən az sonra Fransa prezidentinin mətbuata verdiyi açıqlamalar onun növbəti dəfə Azərbaycana qarşı münasibətdə səmimi olmadığını göstərdi. Beləliklə, Fransanın Cənubi Qafqaz siyasətinin sülhə və barışa xidmət etmədiyi və Azərbaycanla Ermənistan arasında münaqişəni yenidən alovlandırmaqda maraqlı olduğu üzə çıxdı. Prezident Makronun revanş xarakterli açıqlaması Fransa parlamenti üçün də növbəti dəfə Azərbaycana qarşı təzyiq addımları atmağa işarə oldu. Budur, noyabrın ortalarında Fransa parlamenti yenidən Azərbaycana qarşı qətnamə qəbul etməyə hazırlaşır. Bu nəyi dəyişəcək? Aydın məsələdir ki, bu cür siyasi təzyiqlər nə ərazidə, nə də Azərbaycanın mövqeyində heç nəyi dəyişməyəcək. Dəyişən yenə də Azərbaycan cəmiyyətinin Fransa siyasətinə olan inamı və erməni xalqının növbəti xəyal qırıqlığı olacaq. Emanuel Makronun prezidentliyi dövründə Azərbaycan cəmiyyətində Fransanın ədalətinə inam artıq bir neçə dəfə sarsılıb. Prezident Makron daha bir dəfə bölgəmizdə apardığı siyasətin BMT TŞ-nin daimi üzvü və Aİ-nın aparıcı dövlətlərindən biri kimi Fransanın adına layiq olmadığını sübut edəcək. Azərbaycanda isə çox şey dəyişməyəcək. Azad etdiyimiz Qarabağda abadlıq-quruculuq işləri davam edəcək və yaxın aylarda və illərdə məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar.
Azərbaycan ərazisində yaşayan ermənilərin isə iki seçimi var. Onlardan biri - Ermənistan ərazisində öz dövlətini qura bilməyən ermənilərin Azərbaycan ərazisində ikinci erməni dövləti qurmaq kimi gülünc və absurd ideyasının girovuna çevrilərək heç kimin tanımadığı və qəbul etmədiyi bir ovuc torpaqda bütün vətəndaşlıq hüquqlarından özlərini məhrum etmiş vəziyyətdə qeyri-formal statusla ömrünü puç eləmək. Aydındır ki, bu Azərbaycanda yaşayan hər bir erməni üçün könüllü intihar deməkdir. Digər yol isə Ermənistana da, haqsız və ədalətsiz mövqeyində onu dəstəkləyənlərə də “yox” deyib, ərazisində yaşadıqları dövlətin tamhüquqlu vətəndaşları kimi dövlətin verdiyi zəmanətlərdən yararlanmaqla öz övladlarının xoşbəxt gələcyini qurmaqdan ibarətdir. Azərbaycan ermənilərin bu iki yol arasında istənilən seçiminə hazırdır. Üçüncü bir yol yoxdur.
Cavanşir Feyziyev
Millət vəkili