Ötən ay əxlaq polisinin qətlə yetirdiyi Məhsa Əmininin vəfatının bu gün 40-cı günüdür. Hazırda bununla bağlı İranın əksər şəhərlərində geniş aksiyalar keçirilir. Diqqətçəkən məqam isə axşam saatlarında aksiyaların Cənubi Azərbaycan vilayətlərini də əhatə etməsidir. Urmiyada, Təbrizdə, Güney Astarada və s. şəhərlərdə kütləvi aksiyalarda polislə qarşıdurmalar yaşanıb.
Ümumiyyətlə, İranda etiraz aksiyaları günü-gündən şiddətlənsə də, Mərkəzi İran vilayətləri ilə Cənubi Azərbaycan vilayətlərində etiraz aksiyaları kəskin fərqlənir.
Misal üçün, Tehran metrosunda “Bu il qan ilidir, Xamenei devrilməlidir” şüarı səsləndirilir, Şuş məhəlləsində “Öldürərik bacımızı (Məhsa Əmini) öldürənləri”, Firdovsi bulvarında “İslam Respublikası istəmirik” şüarları səsləndiyi halda Təbrizdə “Azadlıq, Ədalət, Milli Hökumət”, Astarada, Urmiyada “Azadlıq” şüarları səsləndirilir, Xameneinin banneri yandırılır.
Molla rejiminin etiraz aksiyalarına müdaxiləsində də açıq-aşkar fərqlər hiss edilir. Belə ki, Təbrizdə barikadalar quran İran polisi azərbaycanlılara atəş açır.
Etiraz aksiyaları müstəqillik hərəkatına çevrilir
Diqqətçəkən bir digər maqam isə Cənubi Azərbaycan vilayətlərində başlanan etiraz aksiyalarının tədricən Təbriz mərkəzli təşkilatlanmasıdır. Milli fəallar açıq şəkildə Cənubi Azərbaycanın müstəqilliyini tələb edir. İran xaricində yaşayan cənubi azərbaycanlı siyasi mühacirlər də Cənubi Azərbaycan vilayətlərindəki etiraz aksiyalarına ölkə xaricindən dəstək verir.
Cənubi Azərbaycanda baş verən etiraz aksiyalarının tədircən milli azadlıq hərəkatına çevrilməsi həm də rejimin İran Konstitusiyanın 15-ci və 19-cu maddələrini pozması ilə əlaqədardır. Belə ki, qeyd olunan maddələrə görə, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq, İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Bundan başqa, rejim azərbaycanlılara qarşı kütləvi repressiyalar təşkil edir, gəncləri sırf ana dillərində danışmaq, təhsil almaq istəmələrinə görə, həbsə atıb işgəncələr verir. Buna görə də, Cənubi Azərbaycan vilayətlərindəki etiraz aksiyaları tədricən İranın digər vilayətlərindən fərqlənərək motivini dəyişir.
Cənubi Azərbaycan Cümhuriyyəti qurula bilərmi?
Etiraz aksiyalarının tədricən güclənməsi və Cənubi Azərbaycan vilayətlərində milli hərəkata çevrilməsi, eyni zamanda təşkilatlanması Cənubi Azərbaycan Cümhuriyyətinin qurulması ümidlərini artırır.
İran bunu separatçı hərəkat adlandırsa da, hüququ olaraq bu, Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsidir. İran Konstitusiyanın 15-ci və 19-cu maddələrini icra edərək cənubi azərbaycanlılara öz ana dilində təhsil almaq və digər vətəndaş hüquqlarını versə idi və ya Cənubi Azərbaycanın muxtariyyətini tanısa idi, bənzər situasiyanı separatçılıq adlandıra bilərdi. Lakin bütün bunları etməyən molla rejimi faktiki olaraq, cənubi azərbaycanlıları sıxışdırır, assimilasiya siyasəti aparır.
Beynəlxalq təcrübə göstərir ki, bir ölkə daxilində etnik azlıqların assimilasiya edilməsi, milli və mədəni kimliyinin pozulması kimi cəhdlər qarşılığında həmin azlığın başlatdığı siyasi və silahlı mübarizə seperatizm deyil, öz müqəddəratını təyin etmək adlanır. Buna görə də, deyə bilərik ki, indiki məqamda proseslərin bu tempdə inkişaf etməsi yekunda Cənubi Azərbaycan Cümhuriyyətinin qurulması ilə nəticələnə bilər. Proses bir müddət sonra səngisə belə, Cənubi Azərbaycan gec-tez öz müqəddəratını təyin edəcək və Cənubi Azərbaycan Cümhuriyyəti qurulacaq.
Turan Rzayev-politoloq