Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Azərbaycan-Gürcüstan əməkdaşlığı müsbət dinamika ilə inkişaf edir”

Jalə Əhmədova: “Azərbaycan-Gürcüstan əməkdaşlığı müsbət dinamika ilə inkişaf edir”


Prezident İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanat bir sıra mühüm məqamlarla yadda qaldı.

Heç şübhəsiz ki, bu səfər ölkələrimiz arasında müsbət dinamika ilə inkişaf edən dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Çünki səfər zamanı bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzində idi.

Əminliklə deyə bilərik ki, bu gün tarixi ənənələrə söykənən əməkdaşlığın davamı olaraq iki ölkə arasındakı münasibətlər çox dərin köklər üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar və dövlətlərarası əlaqələrimiz də bu möhkəm təməl üzərində dayanır.

Qeyd etmək lazımdır ki, hazırda Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıb, bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir birimizi dəstəkləyir, sıx əməkdaşlıq edirik.

Gürcüstanla birgə icra olunan bir çox layihələr təkcə bizim ölkələrimiz üçün deyil, həm bölgə üçün, həm də bütövlükdə Avropa üçün xüsusi əhəmiyyətə malikdir.

Qarabağ münaqişəsi başa çatandan sonra Azərbaycan sülh müqaviləsinin imzalanması üçün beş əsas prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinə təqdim edib. Əgər prinsiplər qəbul olunsa və sülh müqaviləsi imzalansa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır.

Qeyd etmək yerinə düşərdi ki, bu ilin 9 ayında Gürcüstanla qarşılıqlı ticarət dövriyyəmiz bir milyard dollara yaxınlaşıb. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə hər iki tərəfin maraqlarına uyğundur.

Bu gün Azərbaycanın dünyanın enerji bazarındakı rolu getdikcə artmaqdadır. Ölkəmiz dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Bununla yanaşı, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixracımız da artırılacaq.

Hazırda ölkəmizdə elektrik enerjisi ilə bağlı yeni layihəyə uyğun olaraq, Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Bundan başqa, təkcə azad edilmiş torpaqlarımızda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdə qarşımızda dayanan vəzifədir. Ölkəmiz Gürcüstanla digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcək.

Qeyd etmək lazımdır ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi də bu il 75 faiz artıb. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmağı qarşımıza məqsəd qoymuşuq.
Hazırda dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac olduğunu nəzərə alaraq, Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini də artıraraq 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik.

Bütün bunlar onu deməyə əsas verir ki, hazırda bütövlükdə dünyada və Avropada enerji resurslarına böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə birlikdə fəaliyyət göstərərək öz milli maraqlarını təmin etməklə yanaşı, həm də digər ölkələrə fayda gətirəcəklər.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş