Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Taxıl sazişi”nin necə bərpa olunduğunu açıqlayıb. O, bildirib ki, “Taxıl sazişi” müharibədən ayrı məsələdir. Son günlər çox ciddi diplomatik səylər sərf edirik: “Son günlər çox ciddi diplomatik səylər sərf edirik”.
Onun sözlərinə görə, Rusiya tərəfinin tələbləri Ukraynaya çatdırılıb: “Kiyev də konstruktiv mövqe nümayiş etdirdi. Artıq “Taxıl sazişi” bərpa olunub və hər şey qaydasındadır. Ukrayna Prezidenti Volodimir Zelenski razılığa sadiqdir”.
İ.Kalın bildirib ki, Türkiyə gərginliyin azaldılması üçün hər iki tərəfə müraciət edir: “İndi savaş meydanında irəliləyiş yoxdur. Heç bir tərəfin qələbə qazanmaq şansı mövcud deyil”.
Məlum olduğu kimi, Rusiya oktyabrın 29-da birtərəfli qaydada “Taxıl sazişi”ndən çıxmışdı. Buna səbəb kimi Sevastopoldakı gəmilərə və infrastuktur obyektlərə hücum göstərilmişdi.
Türkiyə rəsmilərinin, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğanın dəfələrlə bildirdiyi kimi, “Taxıl sazişi” nəticəsində qlobal ərzaq böhranının qarşısı alındı. Bunu anlaşmanın tərəflərindən biri olan BMT də təsdiqləyir.
Statistikaya görə, razılıq əldə olunandan, yəni iyulun 22-dən bəri Ukrayna və Rusiyadan dünyaya 10 milyon ton taxıl daşınıb.
Rusiyanın “Taxıl sazişi”ndən çıxması, əlbəttə, elə-belə deyil. Razılıq bəpa olunmasa idi, bu, Moskva ilə Ankara arasındakı münasibətlərə təsir edə bilərdi. Üstəgəl, tədricən sivil dünyadan təcrid olunan Rsuiyanın durumu daha ağırlaşacaqdı. BMT dövlətləri bunu bəhanə edərək Kremlə təzyiqləri artıra bilərdi.
Kreml “Taxıl dəhlizi”ndən çıxmaqla, yəqin, öz iradəsini ortaya qoymaq istəyirdi. Rəsmi Moskva bununla göstərmək istəyirdi ki, proseslər onun iradəsindən kənar baş verə bilməz. Amma, görünür, Ərdoğan həmkarına reallığı başa salmağı bacarıb.
“Taxıl sazişi”nin bərpa olunacağı gözlənilən idi. Rusiyanın öz istədiyini diktə etməsinə və belə demək mümkünsə, “meydan oxumasına” kimsə icazə verməzdi.
Razılığın bərpası həm də Türkiyə ilə Rusiya arasındakı əlaqələrin motivini bir daha göstərdi. Növbəti dəfə təsdiqləndi ki, Putin Ərdoğanın sözünü yerə salmaq istəməz.
Kreml sözçüsü Dmitri Peskov “Taxıl sazişi”nin bərpasına münasibət bildirərkən deyib ki, bu, Türkiyəyə olan inamdan xəbər verir. Həmçinin Peskov söyləyib ki, bu, Rusiyanın “Taxıl sazişi”nin uzadılmasına razı olduğu kimi qiymətləndirilməməlidir. Motiv yenə də eynidir: Moskva Ankaraya rəğbətini ifadə edib və öz iradəsini göstərməyə çalışıb.
Fikrimcə, “Taxıl sazişi”ndən imtina Rusiyanın maraqlarına uyğun deyil. Kreml rəhbəri də bunu anlayır. Rəsmi Moskva sadəcə “nəbz yoxlamağa” çalışırdı. Düşünürəm ki, razılıqla bağlı fəaliyyət öz axarı il davam edəcək.
Kənan Novruzov-siyasi ekspert