Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq

Bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq


İki ildir, Azərbaycan xalqı Zəfər bayramını qeyd edir. Vətən müharibəsində Qarabağın tacı Şuşanın azad olunması müharibənin taleyində həlledici rol oynadı. Uğurlu Şuşa əməliyyatı Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Bu səbədən 8 noyabr ölkəmizdə Zəfər günü elan olundu. Müzəffər Azərbaycan Ordusu Ali Baş komandanın tapşırığını qətiyyətlə yerinə yetirərək, alınmaz qalanı-Şuşanı əlbəyaxa döyüşlərlə azad etdi. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərdi. 28 il ərzində Şuşa işğal altında qalsa da, hər bir Azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, mədəniyyət beşiyimizə qayıdacağıq. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz tam sayıla bilməzdi.

Newscenter.az xəbər verir ki, bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva qeyd edib ki, Azərbaycan xalqı 30 il ərzində bu tarixi anı gözləyirdi. Şuşaya hər zaman xüsusi münasibət olub. 270 yaşlı şəhər Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. İşğal zamanı Şuşanı erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilmədilər. Prezident İlham Əliyevin də söylədiyi kimi, “bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu vəziyyətə salmazdılar”. Ermənistan Şuşanın azad olunacağına inanmaq istəmirdi. Çünki anlayırdılar ki, Şuşaya sahib olan bütövlükdə Qarabağa sahibdir. İki ildir, Azərbaycan bayrağı Qarabağın döyünən ürəyində - Şuşada dalğalanır. Bayram günlərində Cıdır düzündə zəfər tonqalları yandırırıq. Şuşa bu gün layiq olduğu yerdədir. Öz sahiblərini qarşılayır. Müzəffər Ali Baş komandan İlham Əliyevin də bəyan etdiyi kimi, biz Şuşanı dirçəldirik. Təsadüfi deyil ki, Prezidentin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edildi. Şəhərdə Azərbaycanın mədəniyyət paytaxtı kimi bütün ənənələr bərpa olunmaqdadır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, ziyalılarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası, güllələnmiş heykəllərin doğma torpağa aparılması, bir sözlə Şuşa yarixi Azərbaycan şəhəri kimi yenidən öz imicini bərpa edir. Mədəniyyət paytaxtı olmaqla yanaşı həm də beyin mərkəzinə çevrilməkdədir. Beyin mərkəzlərinin nümayəndələrinin toplaşdığı məkan kimi qlobal trendlərin, yeni çağırışların müzakirə olunduğu beynəlxalq platformalara ev sahibliyi edir.

Deputat qeyd edib ki, Prezident sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan olunub. Bu çərçivədə həyata keçirilən tədbirlər isə mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradır. Şuşada bütün tarixi binalar bərpa edilir. Şuşa Realnı Məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır. Bu abidələrin hər biri Şuşa şəhərinin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu təsdiqləyir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, Şuşa Qarabağın tacıdır, təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq.
Xəbəri paylaş