Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir”

Jalə Əhmədova: “Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir”


Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı milli qan yaddaşımıza qızıl hərflərlə həkk olunmuş Zəfər Gününü qeyd edir. Zəfər Gününə gedən yol isə heç də asan olmamışdır. Əminliklə deyə bilərik ki, bu Zəfər uzun illər həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.

Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunmasını əsas məqsəd kimi qarşıya qoyan Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaratdı. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnikalarımız müxtəlif mənbələrdən alındı. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb.

Ötən illər ərzində bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq, Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Ölkəmiz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Bu gün Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə kömək etdi.

Uzun illər davam edən münaqişə boyunca Azərbaycan bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münaqişənin həlli üçün hüquqi bazanı hazırladı. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi də 27 il kağız üzərində qaldı və icra olunmadı. Ermənistanın davamlı təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi.

Nəhayət, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə isə, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Beləliklə, Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, onun hərbi texnikası və canlı qüvvəsi məhv edildi və bununla da Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin 2020-2021-ci illərdə imzaladığı sərəncamlarla Vətən müharibəsinin ümumilikdə 159 mindən çox iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ötən il sentyabrın 27-də Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin təməli qoyulub.

Bu gün Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilib. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunub. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 75 milyondan artıq vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir.

Postmüharibə dövründə şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı beş dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.

Qeyd etmək lazımdır ki, müharibə dövründə Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur.
Bu müharibədə qardaş Türkiyənin dəstəyi bizim Qələbəyə inamımızı daha da artırdı. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi.

Tarixi Şuşa Bəyannaməsinin imzalanması isə Türkiyə və Azərbaycanı rəsmən müttəfiqlik zirvəsinə ucaltdı. Bu müttəfiqlik özünü hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərir.

Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimiz yenidən tikilir, bərpa olunur, muzeylər, hava limanları, dəmir yolları, tunellər inşa olunur.

Bir sözlə, Azərbaycanın tarixində yeni səhifə başlanıb. Əminik ki, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək, azad edilmiş torpaqlarımıza bundan sonra həyat qayıdacaq.

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş