Ötən gün İranın Rəşt, Sərdəşt, Əhvaz, Kərəc, Novşəhr və bir sıra şəhərlərində etiraz nümayişləri keçirilib.
Newscenter.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin Bivəran qəsəbə sakinləri hökumətə qarşı etiraz aksiyası keçirib və zalım rejimi pisləyən şüarlar səsləndiriblər.
Bundan başqa, Əlborz əyalətinin Kərəc şəhərinin Qolşəhr bölgəsində narazı kütlə hökumət əleyhinə etiraz aksiyası keçirib. Rəşt şəhərində etirazçılar aksiya keçirərək molla rejiminə qarşı şüar səsləndiriblər. Aksiyalarda xüsusilə “Diktatora ölüm!”, "Qadın, Həyat, Azadlıq!", "Azadlıq, Ədalət, Milli hökumət!", "Azərbaycan Tehrana inanmır!", "İslam Respublikası istəmirik, molla hökuməti istəmirik, uşaq qatili hökumət istəmirik!” və digər şüarlar verilib. Eyni zamanda, Mazandaran əyalətinin Tonekabon şəhərində etirazçılar general Qasım Süleymaninin banerini söküblər.
İran vətəndaşları xarici pasportlarını yandırır
Bu arada, İranda vətəndaşlar rejimə etiraz olaraq pasportlarını yandırırlar. Xarici pasportunu yandıran narazı vətəndaş deyir: “Səfər etmərik, qalıb bizə aid olanı geri alarıq. Onların (hakimiyyət) acığına yeni nəfəs alarıq!”
Eyni zamanda, ölkədə mollaların başlarından əmmamənin salınma kampaniyası davam edib. İranda narazı gənclər hökumətin geyim məhdudiyyəti ilə bağlı xəbərdarlıq plakatını yırtaraq deyiblər: “Biz kişilər və qadınlar istədiyimizi geyinəcəyik. Azadlıq üçün!” İranda məcburi hicaba etiraz edən qadınlar artıq qorxmadan küçədə yaylıqsız gəzirlər.
"Bir tələbə daha həbs edilsə, qiyamət qoparacağıq!"
Yeri gəlmişkən, ali təhsil müəssisələrinin tələbələri müəllimlər və digər tədris işçilərinin təqib və həbslərinə, bir çox narazı tələbənin universitetdən kənarlaşdırmasına etirazlarını bildiriblər. Tələbələr ali təhsil müəssisələrinin divarlarına öldürülən nümayişçilərin adlarını yazıb, onların xatirələrini yad etmək məqsədilə hökumət əleyhinə mahnılar oxuyublar. Onlar "Haqqımızı almayınca dərslərə qatılmayacağıq!", "Bir tələbə daha həbs edilsə, qiyamət qoparacağıq!" və digər bu kimi şüarlar səsləndirərək dərslərə qatılmaqdan imtina ediblər. Güney Azərbaycanın Qəzvin şəhərində Tibb Universitetinin tələbləri də etiraz aksiyalarına qoşulub. Bundan başqa, şəhərdəki sahibkarlar da aksiyalara qoşularaq dükanları açmayıb. İsfahanda isə qızlar məktəbinin şagirdləri hakimiyyətin mollasını təhsil müəssisəsindən qovublar.
Eyni zamanda İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) mülki geyimli əməkdaşları Xuzistan əyalətinin Əhvaz şəhərində Çəmran Universitetinin İnşaat mühəndisliyi fakültəsinin tələbəsi, 21 yaşlı Məsumə Həmidi atasının evində həbs edərək naməlum yerə aparıblar. Həmçinin Novşəhr bölgəsindən olan musiqi müəllimi Həmidrza Vaqif həbs olunaraq zindana salınıb. Bundan əlavə, Tehranın Azad Universitetində təhsil alan və Günbəd Kavus şəhərindən olan türkmən Nəvid Badpa işgəncələr altında öldürülüb.
Güney azərbaycanlı fəalın səhhəti ağırlaşıb
Bu arada 126 sənətçi və mədəni fəal İran rejimindən tanınmış reper Tomac Salehinin həbsdən buraxılmasını tələb ediblər.
Əslən Ərdəbil əyalətinin Səreyn bölgəsindən olan və Tehranda yaşayan Yəlda Ağafəzli İrədmusa həbsdən buraxıldıqdan sonra intihar edib. Bundan başqa, güney azərbaycanlı milli fəal və tanınmış idmançı Kərim İsmayılzadənin aclıq aksiyası keçirdiyi və saxlanıldıqdan sonra döyüldüyü üçün sağlıq durumunun pisləşdiyi, noyabrın 14-də zindanın tibb məntəqəsinə köçürüldüyü bildirilir.
İran Məhkəmə Sistemindən verilən məlumata görə, bir nəfər barəsində edam hökmü çıxarılıb və 5 nəfər isə 5-10 il arası həbs cəzalarına məhkum ediliblər.
Nümayişlərdə ölənlərin sayı 344 nəfərə çatıb
İran İnsan Hüquqları Təşkilatı noyabrın 15-də yaydığı məlumatda sentyabrın 17-si və noyabrın 14-i tarixləri arasında ölkədə davam edən etiraz aksiyalarında 52-si uşaq olmaqla 344 nəfərin öldürüldüyünü açıqlayıb. Bununla yanaşı, 15 820 nəfərin saxlanıldığı, bunlardan 448 nəfərinin tələbə olduğu və onlardan 1981-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib. Habelə bu müddət ərzində 140 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər keçirib və 138 universitetin tələbələri aksiyaları dəstəkləyiblər.