Azərbaycan Hökumətinin təşəbbüsü və Minatəmizləmə Agentliyininin (ANAMA) təşkilatçılığı ilə “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda 2022-ci il 16-18 noyabr tarixlərini əhatə edən 3 günlük beynəlxalq tədbir keçirilir.
Newscenter.az-ın məlumatına görə, tədbirdə dünyanın 28 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 60-dan yuxarı nümayəndəsinin iştirakı nəzərdə tutulub.
Tədbir mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətini Azərbaycanın qarşılaşdığı mina probleminə yönəldərək, beynəlxalq iştirakçılar və qurumlar arasında əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, minatəmizləmə sahəsində istifadə olunan yeni metodların tətbiqi imkanlarını araşdırmaqla, “minasız həyat” təşəbbüslərinə dəstək göstərmək məqsədi ilə həyata keçirilir.
“Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda keçirilən tədbir əməkdaşlığa dair ümumi platformanın yaradılması, innovativ sistemlərin tətbiqinin genişləndirilməsi, eləcə də bu sahədə metodologiyaların beynəlxalq standartlara inteqrasiyasının gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində iştirakçı şirkət nümayəndələri tərəfindən mina təhlükəsi ilə mübarizədə müasir qlobal çağırışların müzakirəsi və yeni həll üsullarının tətbiqi mövzularında prezentasiyalar, eləcə də əməliyyatçı qurumlar və istehsalçı şirkətlərin məhsullarından ibarət sərgi nümayiş olunacaqdır.
Qeyd edək ki, noyabrın 16-da başlanılan tədbir noyabrın 18-dək davam edəcək.
Mehman