Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri noyabrın 23-də başa çatıb. Serbiya tərəfinin Azərbaycan Prezidentinin səfərinə xüsusi önəm verməsini qeyd etmək lazımdır. Belə ki, ölkə başçısını Serbiya Prezidenti Aleksandar Vuçiç şəxsən qarşılayıb və səfərin yekununda yenə özü yola salıb.
Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya qırıcılarının səmaya qalxması isə rəsmi Belqradın diqqətinin xüsusi nümunəsi kimi xarakterizə oluna bilər.
BELQRADIN PEŞMANLIĞI
Serbiya ilə Azərbaycan arasında münasibətlər hər zaman yaxşı olub. Rəsmi Bakı Belqradın ən çətin günlərində belə dəstəyini hiss etdirib. Hətta Bakı koronavirusla mübarizə üçün Belqrada bir neçə dəfə humanitar yardım da göndərib. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini bu günə qədər tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.
Lakin təəssüf ki, Serbiya Azərbaycanın ən çox dəstəyə ehtiyac duyduğu bir zamanda Ermənistana yardım əlini uzadıb. Belə ki, 2020-ci ildə Azərbaycanla sərhəddə döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilmişdi. Azərbaycanın da reaksiyası özünü çox gözlətməmiş, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılmış Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilmişdi.
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, sərhəddə Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı erməni ordusunun Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi. Bu çərçivədə Serbiya baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycana gəlmişdi.
BALKAN YARIMADASI İLƏ ABŞERON YARIMADASINI BİRLƏŞDİRƏN MARAQLAR
Yaxın keçmişdə baş verən neqativ hallara baxmayaraq, rəsmi Bakı ilə Belqrad arasında münasibətlər bu gün də yüksək səviyyədədir. Təsadüfi deyil ki, ölkə başçısı Prezident İlham Əliyev həm Prezident Aleksandar Vuçiç ilə, həm də Baş nazir Ana Brnabiç ilə təkbətək görüş zamanı “Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik” deyib.
Həqiqətən də bu gün iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfəyə yaxın artaraq 9.2 milyon dollara yüksəlib. Mövcud ticarət dövriyyəsinin daha da artırılması nəzərədə tutulub. Bundan başqa, Serbiya Azərbaycan ilə qaz nəqli sahəsində də əməkdaşlıqda maraqlıdır. Rəsmi Belqrad digər Balkan ölkələri, Yunanıstan, Albaniya, Bolqarıstan, hətta Şimali Makedoniyanın Azərbaycandan daha sərfəli və keyfiyyətli qaz almasının fərqindədir. Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verildikdən sonra Serbiyanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib.
Bəsmi Bakı da Serbiya ilə enerji sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Serbiyanın coğrafi mövqeyi gələcəkdə Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı ölkəmizin rolunu daha da artıra bilər.
VUÇİÇ ƏLİYEVDƏN NƏ ÖYRƏNMƏK İSTƏYİR?
Prezidentin Serbiyaya səfərinin ən diqqətçəkən məqamı heç şübhəsiz Serbiya Prezidenti Aleksandar Vuçiçin Prezident İlham Əliyevlə ikili görüş zamanı “Biz Azərbaycanla bir çox sahədə müxtəlif imkanlara malikik. Biz hər iki dövlət olaraq ərazi bütövlüyümüzü qorumağa çalışırıq və öz dövlətlərimizi beynəlxalq arenada təqdim edirik. Xüsusilə beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı iş görürük. Bu da BMT çərçivəsində həyata keçirilir və bu, təqdirəlayiq haldır. Amma mən fikirləşirəm ki, biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik” sözləri oldu.
Serbiya prezidenti “Biz hər iki dövlət olaraq ərazi bütövlüyümüzü qorumağa çalışırıq və öz dövlətlərimizi beynəlxalq arenada təqdim edirik. Xüsusilə beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı iş görürük” deyərkən əslində, bir müddətdir yenidən alovlanan Kosovo münaqişəsinə diqqət çəkir. Məlum olduğu kimi, Serbiya Kosovo ilə son 10 ilin ən böyük gərginliyini yaşayır. Belə ki, Kosovo noyabrın 21-dən etibarən ərazisinə daxil olacaq Serbiya nömrə nişanlı avtomobillərə cərimənin tətbiqi ilə bağlı qərar qəbul edib. Kosovo hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı yerlərə göndərib. Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir.
Vuçiç ehtimal serb-alban silahlı toqquşmasından çəkinir və “biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik” sözləri ilə açıq şəkildə Azərbaycan Prezidentinə “mən nə etməliyəm?” sualını ünvanlayır. Düzdür, Kosovo və keçmiş dağlıq qarabağ münaqişələri eyni olmasa da, Serbiyanın üzləşdiyi problem 44 günlük Vətən müharibəsində Azərbaycanın üzləşdiyi problem ilə eynidir.
Vuçiç yaxşı bilir ki, Qərb bu məsələdə Kosovoya açıq şəkildə dəstək verir. Belqrad isə proseslərin gərginləşməsində maraqlı deyil. Çünki Kosovonun təkbətək müharibədə Serbiyaya qalib gələ bilməyəcəyi kimi, rəsmi Belqrad da Kosovoya hərbi müdaxilə edə bilməz.
Kosovoda NATO-nun sülhməramlı qüvvələrinin mövcudluğu Belqradın əl-qolunu bağlayan digər bir faktordur. Kosovonun şimalında stabilliyə hər hansı təhlükə yaranacağı təqdirdə NATO müdaxilə etməyə hazır olduğunu bildirib.
Rəsmi Bakı Kosovonun müstəqilliyini bu günə qədər tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Lakin Serbiyanın müsəlman kosovo albanlarının hüquqlarına da hörmət etdiyi bəllidir. Azərbaycan ən yaxşı halda Kosovo ilə Serbiya arasında vasitəçilik missiyasını təqdim edə, mövcud gərginliyin azalması istiqamətində diplomatik dəstək nümayiş etdirə bilər.
Turan Rzayev-politoloq