
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistanın hüquq-mühafizə orqanları sabiq prezident Robert Koçaryanı hüquqi məsuliyyətə cəlb etməlidir, Koçaryan həbsxanada oturmalıdır. O, bununçün real səbəbi də göstərib. Belə ki, Paşinyan 2008-ci il prezident seçkilərindən sonra Ermənistanda 1 martda keçirilən kütləvi etirazlar zamanı polislə toqquşmalar nəticəsində 10 nəfərin ölməsində birbaşa Robert Köçəryanı günahkar hesab edir.
Lakin Paşinyanın bu açıqlamasında yarımçıq ədalət təəssüratı hiss olunur. Ona görə də Paşinyanın açıqlamasına olduqca mühüm bir əlavəmiz var: Robert Köçəryan təkcə 1 mart hadisələrinə görə deyil, həm də Xocalı soyqırımının törədilməsinin əsas müəlliflərindən biri olduğuna görə mütləq həbs olunmalıdır!
Əslində, Paşinyan bu məsələdə bir xeyli gecikib. O, sabiq prezident Robert Koçaryanı çoxdan tutub Azərbaycana ekstradisiya etməliydi. Paşinyanın bu məsələdə gecikməsi bu gün onun öz əleyhinə işləyir. Rusiyanın ciddi dəstəyinə söykənən R.Koçaryan bu gün Paşinyan üçün həqiqətən də ciddi baş ağrısına çevrilib. "Ermənistan" ("Hayastan") blokuna liderlik edən Robert Koçaryan bu gün məhz Kremlin "sifariş"ini yerinə yetirərək seçicilər qarşısında çıxışlarında revanşizmi təşviq edir, ölkəsini yenidən müharibə fəlakətinə sürükləyir. Paşinyan buraxdığı səhvi düzəltməli və qatil Koçaryanı nəyin bahasına olursa-olsun neytrallaşdırmalıdır.
Koçaryanın yeri baş nazir kürsüsü deyil, həbsxanadır. Ermənilər Xocalı qatilini baş nazir seçə bilməzlər. Heç Azərbaycan da buna imkan verməz. Koçaryanın ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda günahsız azərbaycanlıların qanını axıdan canilərin başında dayandığı faktlarla sübut olunub. Erməniləri azərbaycanlılara qarşı barışmaz nifrətə təşviq edən Xocalı qatili Koçaryan indi də Ermənistanı revanşizmə sürükləyir. Ancaq erməni seçiciləri bilməlidirlər ki, bu yırtıcını, insanlıq düşmənini dayandırmağın indi əsl vaxtıdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri











































